Azərbaycanın Milli Məclisinin Xocalıdan deputatı Elman Məmmədov Modern.az saytına müsahibə verib.
Oxu.Az xəbər verir ki, deputat saytın “Sizə elə gəlmir ki, xarici qüvvələrdən gözləntiləriniz həddən artıqdır?” sualını belə cavablandırıb.
“Azərbaycan torpaqları 20 ildən artıqdır ki, işğal altındadır. Bu məsələnin üstündən 100 il də keçsə, xarici təşkilatlar heç bir iş görməyəcək. Onlar bizim torpaqları işğaldan azad etmək üçün mütləq deyil ki, canfəşanlıq etsinlər. Bu tamamilə yanlış fikirdir. İşğal altında olan torpaqlar bizimdir. Biz deputatlarla Brüsseldə NATO-nun baş qərargahında olan zaman mən onlara çox ciddi irad tutdum. Biz daha nə qədər səbir etməliyik, bu məsələlər sülh yolu ilə həll olunmayacaqsa, biz torpaqlarımızı müharibə yolu ilə almalıyıq.
Bu zaman NATO-nun bir genaralı əsəbi halda, “Axı siz bizdən nə istəyirsiniz? Biz sizə gəlib torpaq alıb verməliyik? Torpaqlarınızı özünüz işğaldan azad etməlisiniz” deyə, kəskin şəkildə bizə cavab verdi. Artıq biz dövlət olaraq başa düşdük ki, nə BMT, nə başqa təşkilatlar gəlib bizə torpaq alıb verəcək. Bu torpaqlar bizimdir və biz torpaqlarımızı erməni işğalçılarından bugünkü gücümüzlə, nüfuzumuzla azad etməliyik. Onlara arxayın olmalı deyilik ki, gəlib bizə torpaq alıb verəcəklər”.
E.Məmmədov həmçinin qeyd edib ki, torpaqlarımızı işğaldan azad etməyin tək bir çıxış yolu müharibədir.
“Qorxmadan, çəkinmədən işğal olunmuş torpaqlarımızı geri qaytarmalıyıq. Cəmiyyəti buna hazırlamaq lazımdı. Xalqda, millətdə mübarizlik ruhu tərbiyə etmək lazımdı. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, hansı telekanalı açırsan “məşhurlar”a daha çox yer verilir. Nə qədər çalıb-oynamaq olar. Bu millətin başını belə şeylərlə yormayaq. Vətənpərvərlik mövzusunda olan verilişlərin sayını çoxaltmaq lazımdı. Bakının hansısa bir küçəsində müharibəni əks elətdirən bir reklama rast gəlmək mümkün deyil. Hər bir Azərbaycan gənci düşünməlidir ki, onun torpağı işğal altındadır. Və ilk məqsədi də bu torpaqları düşmən tapdağından azad etmək olmalıdır”.