Ötən gün Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın gələn həftə Moskvaya səfər edəcəyi xəbəri Ermənistanda təəccüblə qarşılandı. N.Paşinyanın haqda Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair keçirdiyi geniş mətbuat konfransında deyib.
Rusiya dövlət başçısının açıqlamasından bir neçə saat sonra Paşinyanın mətbuat katibi Arman Eqoyan da bəyanatla çıxış edərək, bunu bir xəbər şəklində ictimailəşdirib:
“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan gələn həftə Moskvaya bir günlük işgüzar səfər edəcək”.
Baş verənlər direktorun tənbəl şagirdin valideynlərini söhbətə çağırmasını xatırladır. Bu qərar məktəbdə valideynlərlə keçirilən iclasda səsləndirilir.
Yeri gəlmişkən, Vladimir Putin Paşinyanın gözlənilən Moskva səfəri haqqında Ermənistanın “Azq” qəzetinin erməni jurnalistinin sualını cavablandırarkən açıqlayıb.
Jurnalist o qədər özünü itirmişdi ki, sualın əvvəlində öz qəzetinin adını çaşıb “Armeniya” qəzeti kimi təqdim etdi, sonra öncədən yazdığı mətni kağız parçasından oxumağa başladı.
Ancaq sual maraqlı idi: “Rusiya seçkilərdən sonra (Ermənistandakı seçkilər nəzərdə tutulur - red.) Ermənistanla münasibətləri hansı şəkildə bərpa edəcək? Başqa sözlə, “Azq” qəzetinin jurnalistinin fikrincə, Rusiya və Ermənistan münasibətləri Nikol Paşinyanın gəlişindən sonra pozulub.
Görəsən, Rusiya prezidenti və Paşinyan nə haqda söhbət edə bilər?
Oxu.Az Ermənistan mətbuatından topladığı məlumatları da təhlil edərək, öz versiyasını irəli sürür.
Birinci məsələ: Qazın qiyməti
Ermənistanda artıq uzun müddətdir ki, mavi qazın bahalaşacağının labüdlüyü haqqında söz-söhbətlər gedir. Qazın ucuzlaşacağı ilə bağlı gümanlar artıq özünü doğrultmur.
Qaz təchizatı ilə bağlı Rusiya ilə bağlanmış müqavilənin müddəti dekabrın 31-də (2018) başa çatır. Ermənistanın “Jamanak” (“Zaman”) qəzetinin yazdığına görə, yanvarın 1-dən Rusiyanın Ermənistana qazı daha baha qiymətə satmağa başlayacağı ehtimalı yüksəkdir. Nəticədə, Ermənistanda qazın istehlak qiyməti də bahalaşacaq.
İddiaya görə, Ermənistanda Rusiya baş nazirinin müavini Dmitri Kozak tərəfindən Ermənistan hökumətinə ünvanlanmış məktub geniş müzakirə olunur. Həmin məktubda qaz qiymətlərinin hər min kubmetrinin 150-dən 215 dollara qədər qaldırılacağı deyilir.
Ermənistan mətbuatının məlumatına görə, hazırda Ermənistan Rusiyadan aldığı qazın hər min kubmetrinə görə Moskvaya 150 dollar ödəyir. “Qazprom Armeniya”nın təyin etdiyi orta qiymət artımı 62 dollar təşkil edir. Bunun üzərinə ƏDV əlavə olunur ki, nəticədə, orta qiymət 255 dollara qədər yüksəlir.
Ev təsərrüfatları (aya 10 min kubmetrə qədər qaz istehlak edən digər subyektlər) qazı 290 dollardan alır.
“Ancaq bir sıra istehlakçılar qazı daha ucuz alır. 10 min kubmetrdən çox qaz istifadə edən müəssisə və qurumlar qazı 242 dollardan alır, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisələrdə bu göstərici 212 dollar, istixana təsərrüfatları qış mövsümündə 176 dollar, qeyri-mövsümdə istehlak həcmindən asılı olaraq (aya 10 min kubmetrdən az və ya çox) 242 və ya 290 dollar ödəyir. Nəhayət, aztəminatlı ailələrə qazın bir kubmetri 100 dramdan satılır (təxminən hər min kubmetrə 207 dollardan). Beləcə, orta qiymət 255 dollar təşkil edir”, - deyə “Sputnik-Armeniya” yazır.
Qaz qiyməti Ermənistan üçün kifayət qədər ciddi məsələdir. Artıq indidən bu ölkədə un və çörək bahalaşıb, bu, hələ şayiələr fonunda baş verən bahalaşmalardır. Belə ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən dərhal sonra ölkədə unun qiyməti bir dollara qalxıb.
Belə zənn etmək olar ki, erməni lider Moskvanın qoyduğu tələbləri yerinə yetirməyə razılaşsa, qaz qiymətləri qalxmayacaq.
İkinci məsələ: “Görəsən, Moskva niyə Paşinyanı qələbə münasibətilə təbrik etmədi?”
Yəqin ki, bu məsələ Nikol Paşinyanın Moskva səfərinin gedişində həllini tapacaq. Erməni baş nazir uzun müddət gözlədiyi təbriki qəbul edəcək. Bunu çox gözləyən qonağın qəlbini sındırmaq yaxşı çıxmaz.
Üçüncü məsələ: Rusiyanın Gümrüdəki 102 saylı bazası
Rusiyanın Ermənistandakı hərbi bazasının ətrafında yaşanan, 57 yaşlı qadının ölümü ilə bağlı növbəti “gərginlik dalğası”dan sonra Rusiyada qoşunlarının bu ölkədən çıxarılmasının vacibliyi haqqında müzakirələr getdi.
Xatırladaq ki, qadının ölümündə Rusiya hərbi bazasının hərbi qulluqçusu günahlandırılır. Bununla belə, RF həmin şəxsi Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil vermədi.
102 saylı bazanın ölkə ərazisində fəaliyyətinə qarşı çıxan ermənilər Rusiya qoşunlarının ölkəni tərk etməsindən sonra Ermənistanın düşmən əhatəsində qalacağını güman edir.
Ermənistan baş naziri özü də Rusiya bazasının Ermənistandan çıxarılması məsələsinin gündəmə gəlməsindən sonra, bəzi iddialara görə, buna qarşı çıxıb. Halbuki Paşinyan müxalifətçi olanda rusiyalı hərbçilərin ölkədən çıxarılmasını tələb edirdi.
Gələn həftə Moskvada Paşinyan 102-ci baza ilə əlaqədar suallara birbaşa cavab verməli olacaq. Cavablar artıq məlumdur.
Dördüncü məsələ: Rusiyanın “yumşaq qüvvəsi”
Bu sual öncə sadaladığımız məsələlərdən qaynaqlanır. Yerevanın “Lragir” nəşri yazır:
“Moskva Ermənistan üzərində təzyiqləri artırır”.
Arqument olaraq, Rusiya səfiri (Ermənistandakı) Sergey Kopırkinin mətbuat konfransında verdiyi bəyanat göstərilir. Kopırkin Ermənistandakı “yumşaq qüvvənin” Rusiya üçün kompleks və sistemli məsələ olduğunu vurğulamışdı. Səfir Rusiyanın Ermənistanda geniş kütlələrlə, o cümlədən, vətəndaş cəmiyyətləri ilə işləmək niyyətində olduğunu bildirmişdi.
“Rusiya son günlər Ermənistan üzərində təzyiqləri artırır. Lavrovun bəyanatı, onun müavini Karasinin bəyanatı, qaz məsələsində güzəştsiz mövqeləri, Rusiyanın media-ekspert məkanının nümayəndələrinin əksəriyyətinin düşmən münasibəti, bunun bariz nümunəsidir”, - deyə Yerevan nəşri yazır.
Erməni analitiklər Rusiyanın “yumşaq qüvvə ” siyasətinin “fiaskoya uğrayacağını güman etsələr də, bu, adama inandırıcı gəlmir, ona görə ki, “yumşaq qüvvə” əvəzinə “sadəcə qüvvə” də tətbiq oluna bilər.
Beşinci məsələ: KTMT
Bu məsələyə gəldikdə, hər şey, demək olar ki, həll olunub. Təşkilatın növbəti baş katibi Ermənistanlı nümayəndə olmayacaq. Böyük ehtimalla, Nikol Paşinyan Belarusun irəli sürdüyü - general Stanislav Zasın namizədliyini qəbul edəcək. Yəqin ki, onu Yerevan da qəbul edəcək.
Rusiya prezidenti Vladimir Putinlə söhbətdə Nikol Paşinyan hərəkətlərinin ardıcıllığını özü üçün müəyyən etməlidir: səsini qaldırmamalıdır, dalaşmamalıdır və deyilənlərlə razılaşmalıdır. Əks təqdirdə, qazla bağlı, təhlükəsizliklə bağlı, Rusiyada yaşayıb-işləyən ermənilərlə bağlı, Ermənistan AES ilə bağlı məsələlər ortaya çıxacaq.
Altıncı məsələ: Qarabağ
Bu, Moskvada müzakirəyə çıxarılacaq ən ciddi problemdir. “Qarabağlılara” xüsusi simpatiya bəsləməyən Nikol Paşinyan asanlıqla razılığa gələ bilərdi. Ancaq mitinqlərdə danışıqlar prosesi haqqında etdiyi çıxışlarda o kifayət qədər radikal olub.
Ancaq zaman göstərdi ki, hazırkı Ermənistan baş naziri vəzifəsini icra edən Paşinyan ağzından çıxardığı sözün yiyəsi deyil və bir müddətdən sonra söylədiklərindən asanlıqla imtina edir.
Ancaq bu məsələdə gümana qapılmaq olmaz. Nikol Paşinyanı Moskvaya dəvət ediblər və onun Rusiya prezidenti Vladimir Putinlər görüşü bir çox məsələlərə aydınlıq gətirəcək.
Nair Əliyev
www.oxu.az