Oxu.Az-ın suallarına politoloq Fikrət Sadıxov cavab verir.
- Prezident Ərdoğanın Bakı səfərini və danışıqlarda əldə olunan nəticələri necə qiymətləndirirsiz?
- Reallıq ondan ibarətdir ki, bu səfər rəsmi-protokol xarakterli idi. Türkiyə bu səfər ilə dünya ictimaiyyətinə Azərbaycana olan yaxınlığını nümayiş etdirdi.
Ərdoğanın prezident kimi ilk səfərlərinin Şimali Kipr Respublikasına və Azərbaycana olması Bakı və Ankara arasında həm regional, həm də beynəlxalq xarakterli məsələlərdə sıx qarşılıqlı anlaşmanın nümayişi idi.
Amma bu səfəri rəsmiyyətin təzahürü kimi dəyərləndirmək doğru olmazdı. Unutmayaq ki, bu səfər hər iki prezidentin iştirak etdikləri NATO-nun Uelsdə keçirilən sammiti ərəfəsində olub.
Təbii ki, bir sıra beynəlxalq münasibətlərin, əsas fəaliyyətin, mövqelərin, baxışların kordinasiyası lazım idi. Elə həmin sammitdə Ukrayna böhranı müzakirə edilib, burada da mövqeləri müzakirə etmək lazım idi. Və əlbəttə ki, yaxın Şərqdə islamçıların fəallaşması problemi mühümdür.
Şübhə etmirəm ki, burada da fəaliyyətin kordinasiyası tələb edilir. Və təbii ki, erməni-Azərbaycan münaqişəsi də diqqət mərkəzindədir. Bu məsələ üzrə NATO-da görüşlər keçirilib, hətta Azərbaycan prezidenti həm S.Sarkisyan, həm də C.Kerri ilə görüşüb.
Düşünürəm ki, bu görüş dövlətlərin beynəlxalq arenada kordinasiyasına vasitəçi olub.
- Bir sıra türk ekspertləri ehtimal edirlər ki, prezident Ərdoğanın Qarabağ üzrə siyasəti, baş nazir Ərdoğanın siyasətindən fərqlənəcək. Türkiyə lideri erməni-türk barışığının Qarabağ münaqişəsindən asılılığından imtina edə bilər. Bu fikir nə dərəcədə əsaslandırılıb?
- Bu, sadəcə ehtimal və mülahizələrdir. Əlbəttə, sirr deyil ki, Türkiyəyə Qərbdən təzyiq göstərəcəklər. Türkiyəni Ermənistan ilə razılaşma imzalamağa, sərhədlərin açılmasına sövq edəcəklər, mən buna şübhə etmirəm. Bütün bunlar ermənilərin “soyqırımı” hesab etdikləri hadisələrin 100 illiyi ərəfəsində baş verəcək. Təbii ki, təzyiqlər olacaq. Belə qüvvələr elə Türkiyədə də mövcuddur.
Amma siyasətdə təsadüflər olmur, hər şey qarşılıqlı maraqlara əsaslanır. Türkiyə bizə ciddi mənəvi-siyasi və hərbi dəstək verir, bundan başqa, Türkiyə Azərbaycanla enerji və nəqliyyat layihələri ilə də bağlıdır. Ona görə də Azərbaycan istənilən an fors-major hallarına kəskin reaksiya verə bilər.
Amma düşünürəm ki, iş buna çatmaz. Türkiyə özü dəfələrlə bəyan edib ki, buna yol verməz, və Qarabağ münaqişəsi həll edilməyənə qədər Ermənistanla heç bir razılığa gəlməz. Yeri gəlmişkən, Ərdoğan bu barədə artıq dövlət başçısı kimi, həm Bakıda, həm də Ankarada bəyan edib. O, vəd etdi ki, erməni-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsi Türkiyənin xarici siyasətinin prioritet məsələlərindən biri olacaq.
- Türkiyə İslam dünyasının liderlərindən biri kimi, bu yaxınlarda Şimali Qafqazın və Azərbaycanın ünvanına “İslam Dövləti” radikalları tərəfindən səsləndirilən hədələrin aradan qaldırılmasında hansı rolu oynaya bilər?
- Bu hədəyə qarşı durmaq üçün bir neçə aspekt mövcuddur. Burada Azərbaycan və Türkiyənin dünya siyasətinin əsas oyunçularına yaxınlığı mühümdür, çünki onlardan bu təhlükənin Yaxın Şərqdən yayılmasının qarşısı alınması asılıdır. Söhbət ilk növbədə ABŞ, NATO ölkələri və Rusiyadan gedir, çünki sonuncu ölkə Şimali Qafqaz üçün narahat olma əsasına malikdir.
İkincisi, burada diplomatik səylər vacibdir, Türkiyə isə özünü islam dünyasının əsas oyunçuları mövqeyində təqdim etdiyinə görə də dünyada “yumşaq islamçılıq” tərəfdarıdır və Yaxın Şərqdə müəyyən avtoritetə malik olduğu üçün bu təhlükənin qarşısını almaqdan ötrü diplomatik kanalların bütün linglərindən istifadə etməlidir.
Yəni burada güc amilinin diplomatik amillə uzlaşması vacibdir. Və yalnız dünya siyasətinin əsas oyunçuları ilə bərabər səylərlə bu təhlükənin qarşısını almaq olar. Bu təhlükənin qarşısını almaq üçün başqa yol görmürəm.
F.H.
www.oxu.az