Oxu.Az-ın suallarına Rusiya politoloqu, Postsovet məkanının tədqiqi üzrə analitik-informasiya mərkəzinin (AİM MDU) baş direktoru Aleksandr Karavayev cavab verir.
- Ekspertlərin çoxu bir ağızdan Qarabağ üzrə Soçi sammitinin ümidləri doğrultmadığını deyir. Həqiqətənmi Qarabağ danışıqlarından irəliləyiş gözləməyin əsası var idi?
- Təəccüblənməli heç nə yoxdu. Başlanğıcda sammitdən heç bir irəliləyiş gözlənilmirdi. Mən artıq görüş haqqında danışmıram, onun haqqında hər şey aydındır – Rusiyanın rolunu nümayiş etdirəcək operativ görüş. Nizama salınma məntiqinə görə hamı elə düşünür ki, Rusiyanın rolu bu məsələnin tam nizama salınmasından ibarətdir. Amma əslində, siyasi anlayışlar və münaqişə ətrafında Rusiyanın rolu bu proseslərin genişlənməməsi üçün onlara nəzarətdən ibarətdir.
Kreml anlayır ki, tam nizamlama üçün onun yetəri gücü yoxdur. Və yeri gəlmişkən Minsk qrupunun həmsədr ölkələrinin heç birinin lazımi siyasi iradəsi və hətta resursu belə yoxdur. Bu səbəbdən də onlar atəşkəs rejimi haqqında razılaşmanın imzalanmasından 20 il ötməsinə baxmayaraq, bu diplomatik prosesi Bakıya və İrəvana təsir etmək və regionda öz siyasi mövqelərini gücləndirmək üçün istifadə edirlər. Gücləndirmək üçün olmasa belə, ən azından bu, həmsədr ölkələrin Cənubi Qafqazda tətbiq etmək istədikləri alət və mexanizmlərlə bərabər istifadəsi üçün lazımdır. Ona görə də ümumiyyətlə, düşünürəm ki, məsələyə artıq daha realistik yanaşmaq lazımdır. Bu həmsədr ölkələr bu işin nizamlanmanın ümumi prinsiplərinə, Madrid prinsipləri adlanan prinsiplərə gətirib çıxarılmasının səbəbkarı oldular. Bununla yanaşı, bunun mənası yoxdur.
Aydındır ki, nizama salınma prinsipləri var, amma onlar danışıqlar masasındadır, bax bu prinsiplərin həyata keçirilməsi üçün şəraitin yaradılması ilə kimin məşğul olacağına gəldikdə isə mən məhz bundan danışırdım. Həmsədr ölkələr heç bir şey edə bilmirlər, bunun üçün müxtəlif əsasları var, çünki bu açıq-aşkar zəifliyi nümayiş etdirir. Ona görə də mütəmadi olaraq obyektiv şərtlərə istinad edirlər, çünki onlar münaqişə ölkələrinin ictimai fikrinə nəzarət edə bilməzlər və müvafiq olaraq erməni və azərbaycanlılar arasında konfrontasiyanın səviyyəsinin enməsinə təsir edə bilməzlər.
- Yenə də sammitin nəticələri münaqişə ərazisində əks-səda doğuracaq. Burada vəziyyət bir neçə gün öncə çox gərgin idi. Və müharibənin yenidən başlanması təhlükəsi nə dərəcədə ciddidir?
- Hərbi hərəkatın intensivliyi azalacaq. Son qarşıdurmalara qədər olan vəziyyət qədər enəcək. Müxtəlif mənbələrə görə hər il atışmalar nəticəsində 30-40 adam həyatını itirir. Amma buna münaqişə tərəflərindən başqa, az adam fikir verir, beynəlxalq ictimaiyyətə bu informasiya sadəcə dar çərçivədə çatdırılır. Ona görə də hesab edilir ki, münaqişə ağır axarlı və hərbi hərəkatlarla zəngin deyil. Son aylarda isə bu münaqişənin başqa fazası olduğunu gördük, həm də bu faza yetərincə nəzarət edilə biləcəkdir. Desant-hücum qruplarının hərəkatları həyata keçirilir və bu hərəkatlar artıq 2010-cu ildən sistemli xarakter daşıyır. Amma onlar müharibəyə gətirib çıxarmır. Onlar sadəcə təbliğat ritorikasının artmasına, gərginliyin daimi yüksəlməsinə gətirib çıxaracaq.
O zaman belə çıxır ki, əgər tərəflər bir-birini qıcıqlandırmasa kənardan yanlış olaraq bu münaqişənin tərəflərinin vəziyyətlə barışmasına dair yanlış təsəvvür yaranacaq. Əgər Moskva və Vaşinqton heç bir kəskinləşmə görmürlərsə, o zaman onlarda işğal və siyasi gərginliyin azalmasına dair təəssürat yaranır. Müvafiq olaraq hərbi aksiyalar keçirmək hər iki tərəfə sərfəlidir. Azərbaycan üçün təmas xəttində erməni hərbi hissələrini daimi gərginlikdə saxlamaq sərfəlidir, Ermənistan üçün isə bu, Azərbaycanı atəşkəs rejiminin çərçivələrinə sığmayan davranışda ittiham etmək üçün sərfəlidir. Ona görə də burada, şərti desək, onlarla hərbçinin öldüyü, ağır axınlı qarşıdurma müşahidə edilir, və görünüşə baxılırsa bu görünüş saxlanılacaq.
Bu vəziyyətin irimiqyaslı müharibəyə çevriləcəyini proqnozlaşdırmaq çətindir. Ümumiyyətlə, bu, sərfəli deyil.
- Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrində son ildə fəallaşma müşahidə edilir. İqtisadi əməkdaşlığın templəri yüksəlir. Rusiya Azərbaycana silah çatdırır, dövlət başçıları səviyyəsində görüşlər keçirilir. Bu vəziyyət Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilərmi?
- Əslində, birbaşa olaraq təsir edə bilməz. Yalnız dolayı yolla və uzunmüddətli real iqtisadi əməkdaşlıqdan sonra. Düşünürəm ki, burada “bərabərdir” işarəsini qoymaq lazım deyil.
Azərbaycanın Avrasiya və ya Gömrük İttifaqına birləşdirilməsinə gəldikdə isə burada da bizim unutduğumuz və ya nəzərə almadığımız bir sıra amillər var. Onlar bizim iqtisadi resurslardan sona qədər istifadə etməməyimiz ilə əlaqədardır. Biz hələ də investisiyaların müdafiəsi haqqında razılaşma imzalamamışıq. Bu razılaşma qarşılıqlı sərmayələr üzrə bizneslər üçün təkan olacaq.
Müntəzəm olaraq görüşən məmurlar mümkün imkanlar barədə danışırlar. Məsələn, bu yaxınlarda Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbərinin Azərbaycana səfəri elə dominantları təsvir etdi ki, bunu heç bir deklarasiya imzalamadan Azərbaycanın Gömrük İttifaqına qəbul edilməsi kimi istifadə etmək olardı. Burada söhbət sadəcə investisiyalardan deyil, eləcə də Azərbaycan ixracının Rusiya bazarında artmasından gedir. Nə vaxtsa sualı belə qoymaq qeyri-aktual idi. İndi isə o, lazımi kəskinliyi əldə edib, bu isə Rusiyanın Avropadan gətirilən meyvə və tərəvəzə nomenklaturanın qadağan edilməsi ilə əlaqədardır. Bu mənada Azərbaycana çatdırılmanı bir neçə dəfə də olmasa, ən azından 10-15% artırmaq sərfəlidir.
- Yenə də Rusiyanın Qarabağ probleminə olan cari mövqeyi sabitdir, bu, siyasi bəyanatlarda da əks olunur.
- Bu balans indi yaranmayıb, prinsip etibarı ilə, Putinin gəlişi ilə. Rusiya prezidentinin Qarabağ münaqişəsinə baxışı əvvəldən belə idi. Onun Ermənistanın tərəfinə keçən meyilləri Rusiyanın iqtisadi maraqlarına ziddir, və bu meyilliliyi düzəltmək lazımdır. Mütəmadi olaraq, ani yox, amma son illərdə bu meyillilik düzəlib.
Demək olmaz ki, balans bu və ya keçən il yaranıb. Amma bu, öncə siyasi səviyyədə yarandı, bunu Heydər Əliyev dövründə də görmüşdük, sonra isə tədricən konkret misallarda iqtisadi müstəviyə keçdi. Əsasən mal dövriyyəsi yüksəldi, müştərək layihələr üçün imkanlar yarandı, Azərbaycanın neft-qaz layihələrində Rusiya siyasi elitasının qəbul edilməsində antaqonizm azaldı.
Yəni son 14 ildə möhkəm tendensiya ilə. Bu, Qarabağ münaqişəsində dəyişikliklərə gətirib çıxaracaqmı? Bəlkə də. Sadəcə siyasət və iqtisadiyyatın bir-birinə təsir etdiyi amillərin olduğunu unutmaq olmaz, onlar təbii ki, bir-birinə təsir edir, amma bu təsir məsələnin həlli üçün labüd olan dərəcədə deyil.
L.Q.