Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: “Andranikin quldur dəstəsi Sisyanda 47 kəndi tamamilə dağıtmışdı” - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı Fəzail Ağamalı olub. O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Sisyan rayonunun Qızıl Şəfəq - Şıxlar kəndindən söhbət açıb. Bildirib ki, uşaqlıq, yeniyetməlik və ilk gənclik illəri Qızıl Şəfəq kəndində keçib.
Hər gün ermənilərlə münaqişədə olduqlarını dilə gətirən millət vəkili vurğulayıb ki, ermənilərin azərbaycanlılara münasibəti çox pis olub:
“Demək olar ki, hər gün ermənilərlə mübahisəmiz düşür, bu mübahisə sonradan dava-dalaşa çevrilirdi. Xüsusən də 1965-ci ildə uydurma soyqırımın “50 illiyi” dövründə azərbaycanlılara münasibət daha kəskin xarakter aldı. Onlar quldur Andranikin çağırışlarını vərəqələrdə yayaraq müsəlman türklərə - azərbaycanlılara nifrəti təbliğ edir, erməni xalqını azərbaycanlıları öldürməyə səsləyirdilər. Bu kimi səbəblərdən o dövrdə Ermənistandakı azərbaycanlılara münasibət çox pis idi”.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan F.Ağamalı qeyd edib ki, ötən əsrin əvvəlində Andranikin quldur dəstələri Zəngəzurda azərbaycanlılar yaşayan 152 kənddən 115-ni yerlə-yeksan ediblər. Təkcə Sisyan rayonunda 47 kənd tamamilə dağıdılıb, əhalisi müxtəlif məşəqqətlərə məruz qalıb, öldürülüblər:
“1905-1907, 1918-1920-ci illərdəki qətliamlarda mənim ana babamgilin ailəsindən öldürülənlər olub. Azərbaycanlılara qarşı böyük vəhşiliklər törədiblər. Aborigen əhalinin - soydaşlarımızın evləri yandırılıb, talan olunub, qoca, uşaq, gənc, qadın demədən hamısı qətlə yetirilib. 1948-1953-cü illərdə soydaşlarımızın zorla deportasiyası da böyük faciə idi. Qərbi Azərbaycanın əzəli və əbədi sakinləri öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Ermənistanda o illərdə, eləcə də 1988-ci ildə azərbaycanlıların deportasiyası dövlət səviyyəsində həyata keçirilib. Soydaşlarımız Azərbaycanın ən müxtəlif rayonlarına, həmçinin də xarici ölkələrə köçüblər”.
Milli Məclisə deputat seçildiyi Salyan və Neftçala rayonlarında da ən müxtəlif illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın məskunlaşdığını diqqətə çatdıran millət vəkili F.Ağamalı vurğulayıb ki, onlar tarixi torpaqlarımıza qayıdacaqları günü səbirsizliklə gözləyirlər:
“Biz tarixi torpaqlarımıza mütləq qayıdacağıq. 44 günlük Vətən müharibəsindən sonra ötən hər gün, hər saat bizi o xoşbəxt günə daha da yaxınlaşdırır. Biz öz ata-baba torpaqlarımıza tankla, topla, tüfənglə deyil, dinc və təhlükəsiz şəkildə qayıtmağa müvəffəq olacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT