ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək. Tərəflər arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov bildirib ki, səfər çərçivəsində Azərbaycanın maraqları nəzərə alınacaq.
O, həmçinin əlavə edib ki, Rubionun Ermənistana gəlişini bir neçə aspektdən qiymətləndirmək olar:

"Görüşlər çərçivəsində təhlükəsizlik, iqtisadi və texnoloji məsələlər, həmçinin TRIPP layihəsi müzakirə oluna bilər.
Bütün bunlar fonunda müzakirə ediləcək məsələlərdə Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanla ABŞ arasında yeni razılaşmalar və əməkdaşlıq körpüsü bunu deməyə əsas verir.
Bundan başqa, TRIPP layihəsi çərçivəsində Mərkəzi Asiyanın iqtisadi imkanlarının müzakirəsi də gündəmdə olacaq. Təbii ki, Azərbaycanın da maraqları təmin olunmalıdır. Çünki Zəngəzur dəhlizinin açılması, iqtisadi çərçivədə yolun genişlənməsi Azərbaycanın inkişafına təsir edəcək.
Bu layihələrin dəstəklənməsi Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə beynəlxalq dəstəyin təzahürü kimi qiymətləndirilməlidir".