Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayır?
Donald Tramp ABŞ-də ikinci dəfə iqtidara gələndən sonra Zelenskiyə qarşı sərt, Putinə qarşı isti mövqeyi ilə fərqlənir. Hətta bu mövqe Avropa İttifaqının (Aİ) da Tramp tərəfindən hədələnməsi, qurumun Ukraynadan əlini üzməsinə qədər gətirib çıxaracaq təzyiqlərlə müşahidə edilir. Son olaraq, mayın 16-da İstanbulda baş tutması gözlənilən Putin-Zelenski görüşü belə, məhz Rusiya prezidentinin Türkiyəyə gəlməməsi ucbatından baş tutmasa da, Tramp buna görə də Zelenskini ittiham etdi.
Lakin bütün bunların fonunda Avropa İttifaqı yenidən Ukraynaya dəstək üçün hərəkətə keçməyə çalışır. Elə həmin gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısındakı müzakirələrin təməlində də məhz Ukraynanın təhlükəsizliyi dayanırdı.
Proseslərin bu şəkildə inkişafı isə Belçikanın Ukraynaya bir milyard avro məbləğində yeni hərbi yardım paketi ayırmaq planı və Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləməsi ilə davam etdi. Bu isə Rusiya-Ukrayna müharibəsində atəşkəs əvəzinə, ikinci cəbhənin açılması, daha dəqiq desək, Ukraynadan bir növ əlini çəkən ABŞ və özünü toparlayan Aİ-nin Kiyevə dəstəyi fonunda müharibənin yeni mərhələyə qədəm qoyması kimi müzakirə mövzusuna çevrilir. Əgər belədirsə, proseslərin gedişatını necə proqnozlaşdırmaq olar?
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması istiqamətində göstərdiyi fəaliyyətdə Amerika Birləşmiş Ştatlarının Rusiyanın mövqeyindən çıxış etdiyini və müharibənin dayandırılması üçün Rusiyadan çox, Ukraynaya təzyiq etdiyinin şahidi olduq:
"Bunun da səbəbi o idi ki, Amerika Birləşmiş Ştatlarının prezidenti təkcə bu məsələyə deyil, istənilən mövzuya ABŞ-nin iqtisadi maraqları kontekstindən yanaşaraq addımlar atır və Zelenskiyə olan məlum təzyiq də əslində, Ukraynanın təbii sərvətlərinə çıxış əldə etmək niyyətindən qaynaqlanırdı. Uzun müddət Zelenski və komandası bununla bağlı sazişin imzalanmasından imtina etsələr də, sonda müxtəlif Avropa ölkələrinin də tövsiyələri əsasında belə bir sazişin imzalanmasına razılıq verildi. Nəticə etibarilə həmin saziş imzalandı. Bundan sonrakı mərhələdə Amerika Birləşmiş Ştatları üçün müharibənin dayandırılması lazımdır. Çünki ABŞ şirkətləri təbii sərvətlərin istismarı ilə bağlı Ukraynaya sərmayə qoyacaq və oradan qazanc götürmək istəyəcəklərsə, təbii ki, bunu müharibənin gedişində etmək mümkün deyildi. Ona görə də bu gün ABŞ üçün prioritet müharibənin dayandırılmasıdır".
"Artıq Amerika Birləşmiş Ştatları da qəbul edir və görür ki, atəşkəsin baş tutmaması mövqeyindən çıxış edən ölkə faktiki olaraq Rusiyadır. Çünki Rusiyanın sülhlə bağlı verdiyi bəyanatlar və təşəbbüslər daha çox, vaxtı uzatmağa hesablanıb. Bu da açıq şəkildə hiss olunur. Lakin deməzdim ki, Tramp əvvəlki kimi Rusiyanın mövqeyindən çıxış etməyə davam edəcək. Çünki prioritet ABŞ-nin maraqlarıdırsa, tez bir zamanda sülhün əldə olunması lazımdır. Bunun üçün isə Putin tərəfindən müvafiq addımların atılması gərəkdir.
Son olaraq, dünən baş tutan telefon danışığından sonra atəşkəsin əldə olunması üçün dərhal danışıqlara başlanılması ilə bağlı Tramp tərəfindən verilən bəyanat, eləcə də Avropa İttifaqı liderləri və Amerika Birləşmiş Ştatları lideri ilə mütəmadi təmasların baş verməsi, hətta danışıqlar prosesi dayanarsa, Putin güzəştə getməzsə, birgə sanksiyaların tətbiqi ilə bağlı ümumi razılaşmaların olması onu deməyə əsas verir ki, biz növbəti mərhələdə bu istiqamətdə Rusiya hakimiyyətinə qarşı təzyiqlərə şahidlik edə bilərik", - deyə analitik vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının 22 maddədən ibarət sülh planında birinci maddənin qeyd-şərtsiz atəşkəsin əldə olunması ilə bağlı olması səbəbsiz deyil:
"ABŞ üçün, xüsusən də iqtisadi maraqları naminə, prioritet olan da budur. Sonrakı məsələlər necə həll olunacaq, Rusiya və Ukrayna qarşılıqlı güzəştə gedəcək, ya getməyəcək, Ukraynanın itirilmiş, yəni Rusiyanın nəzarəti altında olan torpaqlar kimin əlində qalacaq - bunlar növbəti mərhələnin predmetidir və ABŞ üçün bir o qədər də maraqlı olmayan məsələlərdir. Əsas məsələ atəşkəsin əldə olunması, münaqişənin dondurulması və danışıqlar mərhələsinə qədəm qoyulmasından ibarətdir. Düşünürəm ki, bu kontekstdən yanaşaraq, ABŞ-nin növbəti mərhələdə Rusiya istiqamətində də təzyiqlərinə şahidlik edəcəyik.
Bu təzyiqlər Avropa İttifaqı ilə birgə dağıdıcı təsirə malik sanksiyaların qəbulu da ola bilər, Ukraynaya silah-sursat və texnikanın ötürülməsində dəstəyin artırılması da. Aİ, təbii ki, ABŞ olmadan hər nə qədər təkbaşına Ukraynaya dəstək verməyə çalışsa da, ayrı-ayrı ölkələr öz arsenallarındakı keçmiş nəsil silah-sursatı Ukraynaya vermək üçün razılaşsalar da, Polşa və Belçika kimi ölkələr artıq Kiyevə əlavə maliyyə yardımının verilməsi ilə bağlı mövqe ortaya qoysalar da, ABŞ-nin prosesdə mütləq şəkildə davamlı iştirakı nəticəsində Rusiyanı nədəsə güzəştə getməyə məcbur etmək olar.
Odur ki, Putinin bundan sonra atacağı addımlardan asılı olaraq ABŞ və Avropa arasında yenidən isti münasibətlərə belə şahidlik edə bilərik. Ukraynadan istədiyini böyük ölçüdə alan ABŞ Rusiya istiqamətində təzyiq göstərməyə başlayacaq".
Mərahim Nəsib