Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələri (SDQ) dünən rəsmən özünü ləğv etdiyini və Suriya Mərkəzi Ordusuna inteqrasiya olunduğunu elan edib. Həmçinin ABŞ rəsmi olaraq Suriyanı "Terroru dəstəkləyən dövlətlər" siyahısından çıxarıb. ABŞ-nin bu qərarından sonra, Türkiyə dünən gecə Suriyaya hava hücumundan müdafiə sistemlərini göndərib.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, SDQ-nin özünü ləğv edərək Suriya ordusuna inteqrasiyası və ABŞ-nin sözügedən ölkəni "terrorizmi dəstəkləyən dövlətlər" siyahısından çıxarması eyni siyasi prosesin iki mühüm hissəsi kimi qiymətləndirilə bilər.
O bildirib ki, Vaşinqton bununla parçalanmış hərbi-siyasi strukturların vahid dövlət hakimiyyəti altında birləşdirilməsini və Əhməd əş-Şaraa rəhbərliyindəki Dəməşqin beynəlxalq sistemə qaytarılmasını dəstəkləyir:

"SDQ-nin ayrıca silahlı qüvvə kimi fəaliyyətini dayandırması Türkiyənin uzun illər səsləndirdiyi əsas təhlükəsizlik tələblərindən birinə də uyğundur. Bununla belə, inteqrasiya yalnız formal xarakter daşımamalı, vahid komandanlıq, ağır silahların təhvil verilməsi və xarici əlaqələrin dayandırılması ilə müşayiət olunmalıdır. Əks halda, SDQ-nin sadəcə adını dəyişərək Suriya ordusu daxilində muxtar silahlı struktur kimi qalması gələcək gərginlik üçün zəmin yarada bilər. Türkiyə hərbi texnikasının, xüsusilə hava hücumundan müdafiə vasitələrinin Suriyaya keçirilməsi barədə məlumat rəsmi təsdiqlənərsə, bu, Ankaranın yeni Suriya ordusunun formalaşdırılmasında daha açıq və institusional rol almağa başladığını göstərər. HHM sistemlərinin yerləşdirilməsi hücum hazırlığından daha çox Suriya hava məkanının qorunması, mümkün xarici zərbələrin çəkindirilməsi və keçid dövründə təhlükəsizlik boşluğunun yaranmaması məqsədi daşıya bilər. Ankara eyni zamanda SDQ-nin inteqrasiya şərtlərinə əməl etməsini nəzarətdə saxlamaq və PKK ilə bağlı silahlı elementlərin yenidən təşkilatlanmasının qarşısını almaq istəyir. Buna görə indiki mərhələdə bu addımları yeni müharibənin başlanğıcından çox, Türkiyə-Suriya təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və sabitliyin hərbi təminatı kimi qiymətləndirmək daha doğrudur. Lakin proses regional aktorlarla razılaşdırılmasa və Türkiyənin iştirakı daimi hərbi mövcudluğa çevrilsə, sabitlik yaratmaq üçün atılan addımlar sonradan yeni rəqabət və qarşıdurma mənbəyi də ola bilər".
Siyasi şərhçi Elgün Səfərov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, regiondakı siyasi toqquşmalar fonunda Türkiyə Suriyaya dəstək verir.
O vurğulayıb ki, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyir:

"Türkiyənin daxilində və xaricində müəyyən risklər var və bunun qarşısını almaq üçün preventiv tədbirlər görülür. Ancaq bu siyasət çərçivəsində Türkiyə şərq sərhədləri çərçivəsində sərhədlərin və sərhədə qədər gələn risklərin aradan qaldırmaq istəyir.
Ümumiyyətlə, cari ildə İran ABŞ və İsraillə münaqişədə oldu. Yaxın Şərqdəki bu gərginliklər Türkiyənin Suriyada güclənməsinə zəmin yaradır. ABŞ və İran, həmçinin İsraillə və İran İslam Respublikası arasında toqquşmalar baş verib. Bu məsələlər NATO-da da müzakirə olunacaq. Artıq cari il ərzində bu istiqamətdə müzakirələr aparılıb və bu proseslər davamlı şəkildə həyata keçiriləcək. Ona görə də cari ildə, ilin sonuna kimi həm İsrail-İran İslam Respublikası, həm də İsrail-Türkiyə Cümhuriyyəti arasındakı məsələlər gündəmdə olacaq və aktual məsələlər müzakirə ediləcək. Təəssüf olsun ki, məsələlərin əksəriyyəti hələlik tənzimlənməyib və razılığa gəlinməyib. Ona görə də burada, dediyimiz münaqişəyə uyğun olaraq, istər siyasi münaqişə olsun, istərsə də hərbi münaqişə olsun, onunla bağlı risklər aktualdır".