Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp İrandan əl çəkmir: Konqres Tehranın vurulmasına icazə verəcək?
Donald Trampın ilk prezidentliyi dönəmində xarici siyasət prioritetlərindən biri indiki kimi İrana hərbi zərbə endirmək və zərərsizləşdirmək idi. Hətta o, bunun üçün Konqresin icazəsinə ehtiyac olmadığını bəyan etmişdi. Lakin 2020-ci ilin 14 yanvarında Amerika Birləşmiş Ştatları Senatı Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul etdiyi üçün onun bu istəyi baş tutmamışdı. Çünki ABŞ-də prezidentin xarici hərbi əməliyyatlara başlaması üçün Konqresin icazəsi tələb olunur. Konqresin hər iki palatası - Nümayəndələr Palatası və Senat - müharibə elan etmək və ya hərbi güc tətbiqinə icazə verib-verməmək səlahiyyətinə malikdir. Tramp ikinci - hazırkı prezidentliyi dönəmində də yenə İrandan əl çəkmək istəmir. O, rəsmi Tehrana qarşı İranın nüvə proqramını milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək, Tehrana qarşı hərbi zərbə endirmək üçün Senatdan icazə tələb edib.
Senat Trampa bu dəfə güzəştə gedəcək?
Təbii ki, belə bir icazənin verilib-verilməyəcəyi Konqresin mövcud tərkibi, ictimai rəy və beynəlxalq vəziyyətdən asılıdır. Konqresin hər iki palatasının razılığı olmadan genişmiqyaslı hərbi əməliyyatların başlaması mümkünsüzdür. Lakin 2024-ci il seçkisindən sonra formalaşan 119-cu Konqresdə hər iki palatanın - Nümayəndələr Palatası və Senatın əksəriyyəti hakim Respublikaçılar Partiyasının nəzarətindədir. Respublikaçılar Partiyası Donald Trampın rəhbərliyi altında İrana qarşı daha sərt mövqe tutmağa meyillidir. Bu səbəbdən, Tramp administrasiyasının İrana hərbi müdaxilə üçün Konqresdən icazə istəməsi halında belə bir icazənin verilməsi ehtimalı yüksəkdir. Lakin onu da unutmaq olmaz ki, hərbi müdaxilə qərarı təkcə Konqresin tərkibindən deyil, həm də beynəlxalq vəziyyətdən, müttəfiqlərin mövqeyindən və ictimai rəyin dəstəyindən asılıdır.
Tramp administrasiyasının İrana qarşı "maksimum təzyiq" siyasətinin səbəbi nədir?
Hazırda Tramp administrasiyası İrana qarşı "maksimum təzyiq" siyasətini yenidən tətbiq edib. Bu siyasət İranın neft ixracını sıfıra endirməyi və nüvə silahı əldə etməsinin qarşısını almağı hədəfləyir. Bununla yanaşı, Tramp İranla "nüvə sülh sazişi" imzalamaq istədiyini və danışıqlara açıq olduğunu da bildirib. O, İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb və bu məqsədlə danışıqların dərhal başlanmasını təklif edib. Yəni Tramp administrasiyasının hazırkı siyasəti İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsi və diplomatik həll yollarının axtarılması istiqamətindədir.
ABŞ-nin İrana hərbi müdaxiləsi hansı nəticələrə gətirib çıxara bilər?
Vaşinqtonun Tehrana hücumu bir neçə fərqli ssenari üzrə inkişaf edə bilər. Nəticələr həm regional, həm də qlobal miqyasda ciddi ola bilər. Belə ki, Birləşmiş Ştatların İrana hücumu Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Çünki İranın regionda çoxlu müttəfiqləri və proksi qüvvələri var: "Hizbullah", "Ənsər Allah", İraq və Suriyadakı milis qrupları və HƏMAS. Bu qüvvələr ABŞ və onun müttəfiqlərinə qarşı hücumlara start verə, İsrail və ABŞ hərbi bazaları İran və proksilərin raketlərinin hədəfi ola bilər. Bu da regional münaqişənin alovlanmasını istisna etmir.
Digər məqam isə qlobal iqtisadi böhranla bağlıdır. İran Fars körfəzində yerləşən Hörmüz boğazına nəzarət edir. Hörmüz boğazı isə dünyanın ən önəmli neft damarı sayılır. Boğazdan gündəlik olaraq onmilyonlarla barel neft daşınır ki, bu da dünya neft ticarətinin təxminən 20 faizi edir. Əbəs deyil ki, müxtəlif zamanlarda Hörmüz boğazı ABŞ və İranın qarşı-qarşıya gəldiyi bir çox tarixi hadisəyə səhnə olub. Deməli, İran bu boğazı bağlasa, neft qiymətləri kəskin şəkildə arta, qlobal enerji böhranı yarana, yəni iqtisadi çalxalanma baş verə bilər.
Lakin Tehran bununla kifayətlənməyə, nüvə silahı proqramını da sürətləndirə bilər. Çünki Tehran belə bir hücumu təhlükəsizliyinə təhdid hesab edərək, qarşısını da yalnız nüvə silahı ilə ala biləcəyini bəhanə gətirə bilər. Yəni İranın yerləşdiyi mürəkkəb coğrafiya və mövcud siyasi vəziyyət ABŞ üçün uzunmüddətli və baha başa gələn bir müharibəyə çevrilə bilər. Nəticədə ABŞ-nin İrana hücumu böyük regional münaqişəyə, iqtisadi böhrana və qlobal siyasi dəyişikliklərə yol aça bilər. Çünki diplomatik həll yolları olmadan belə bir hərbi eskalasiya bütün dünya üçün çox risklidir.
Mərahim Nəsib