Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli şəhid övladları: "Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik"
"Azərbaycan və Türkiyə olaraq, ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə açıqlamasında "Ağbulaq" İstirahət Mərkəzində Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün "Yay düşərgəsi"ndə iştirak edən şəhid türkiyəli Şükrü Çakarın qızı Nehir Çakar və şəhid Yusuf Arslanın oğlu Burak Arslan deyiblər.
Naxçıvanda təşkil olunan "Yay düşərgəsi"nə Türkiyənin Antalya şəhərindən qatıldıqlarını deyən şəhid övladları Azərbaycanda gördükləri isti münasibətdən təsirləndiklərini bildiriblər:
"Bu düşərgədə iştirak edənlərin hər birinin atası Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olub. Valideynimizin dünyadan köçməsi ağır olsa da, şəhid övladı olmaq çox qürurvericidir. Düşərgə vasitəsilə azərbaycanlı yaşıdlarımızla tanış olmaq fürsətimiz yaranıb, bir-birimizə atalarımızın döyüş yolundan, qəhrəmanlığından söhbət açacağıq.
Buna görə çox gözəl duyğu içərisindəyik. Azərbaycanlı dostlarımız eyni candan, eyni qandan olduğumuzu bizə hiss etdirirlər. Yeni dostluqlar qazanırıq. Buna görə çox şadıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik".
"Azərbaycan və Türkiyə olaraq, ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik. Bu baxımdan, düşərgə həm də bir dostluq, qardaşlıq düşərgəsidir", - türkiyəli şəhid övladları əlavə ediblər.