"ABŞ-nin noyabrın 3-də Konqresə və yerli hakimiyyət orqanlarına keçiriləcək aralıq seçkisinə fokuslanması, Yaxın Şərq bataqlığında qalması Rusiyanın, obrazlı desək, əlini-qolunu açıb".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov Avropa liderlərinin "bizi yaxın həftələrdə çətin günlər gözləyir" fikrini şərh edərkən deyib.
O bildirib ki, Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra bu, həm də Qərblə qarşıdurma kimi qiymətləndirilirdi:

"ABŞ-də Demokratlar hakimiyyətdə olduğu zaman rəsmi Vaşinqton Qərbin yanında idi və Rusiyaya qarşı prosesdə daha aktiv iştirak edirdi. Donald Tramp hakimiyyətə gəldikdən sonra bir az mənzərə dəyişdi, müəyyən mənada Amerika ilə Avropa arasında fikir ayrılıqları yarandı. Donald Trampın əsas siyasəti həm də Yaxın Şərqdəki proseslərə daha yaxşı fokuslanmaq üçündür. Avropa ilə Amerika arasında Rusiyaya münasibətdə fikirlər bir mərhələdən sonra haçalanır. Təbii ki, hər iki tərəfə zəif Rusiya lazımdır. Avropa və ABŞ Rusiyanın zəifləməsini istəyir. Ancaq elə bir həddə qədər ki, Rusiya ABŞ üçün deyil, Avropa üçün təhlükəyə çevrilsin. Beləliklə, Avropa Rusiyadan qorunmaq üçün ABŞ-dən kömək istəməyə və ondan daha çox asılı olmağa məcbur olsun. Amma Avropa üçün Rusiyanın zəifləməsi, ümumiyyətlə, Rusiya təhlükəsinin tamamilə aradan qalxması siyasəti daha aktualdır. Avropa istəyir ki, Rusiya mümkün qədər zəifləsin, hətta parçalansın və indiki nəhəng Rusiya Avropanın qapısı qarşısında mövcud olmasın".
Ekspert əlavə edib ki, Ukrayna məsələsində Avropanın mövqeyi birmənalıdır:
"Çünki Ukrayna bir dövlət olaraq Avropa üçün o qədər də əhəmiyyət kəsb etmir. Ukrayna Avropa üçün bir qapı kimi əhəmiyyət daşıyır. Çünki həmin qapıdan keçən Rusiya artıq Avropa üçün böyük təhlükə yaradır. Məhz Rusiyanı həmin qapıda saxlamaq və ya bu qapını onun üçün keçilməz etmək məqsədilə Avropa əlindən gələni edir. Faktiki olaraq, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanın bu narahatlığını açıq şəkildə görürdük. Məsələn, İstanbulda görüşlər keçirilir, müəyyən razılaşmalar əldə edilirdi. Lakin həmin razılaşmaların pozulmasına ABŞ-dən daha çox kim təşəbbüs göstərdi? Avropa ölkələri - Böyük Britaniya, Fransa, Almaniya və digər dövlətlər. İndi isə vəziyyət o dərəcədə dəyişib ki, artıq ABŞ-nin diqqəti ölkə daxilindəki seçkilərə və Yaxın Şərqdə baş verən proseslərə yönəlib. ABŞ Ukrayna məsələsinə əvvəlki qədər diqqət ayırmır və ya ayırmaq istəmir. Bu isə artıq Avropanı ciddi şəkildə narahat edir. Rusiyanın zaman-zaman nüvə silahı ilə bağlı verdiyi mesajlar, "Oreşnik"lə bağlı açıqlamaları və nüvə doktrinasında etdiyi dəyişikliklər Avropaya ünvanlanan mesajlar idi. Bütün bunlar Avropanı narahat etməyə bilməz. Buna görə də Avropa Ukraynaya bütün dəstəyini göstərir ki, Rusiya orada ilişib qalsın və bu, zamanla onun zəifləməsinə gətirib çıxarsın".
X.Bəşirovun sözlərinə görə, indi proseslər elə bir mərhələyə çatıb ki, Rusiya da yaranmış vəziyyətdən istifadə etməyə çalışır:
"ABŞ heç vaxt Rusiyanın Avropanı tamamilə məhv etməsinə imkan verməz. Çünki Avropa ABŞ üçün lazımdır. Amma ABŞ Avropanın müəyyən qədər zəiflədilməsinə və ya cəzalandırılmasına imkan verə bilər ki, Avropa yenidən ABŞ-yə özünün himayədarı, xilaskarı kimi baxsın. Hazırkı mərhələdə proseslər, mənim fikrimcə, məhz bu istiqamətdə inkişaf edir. Avropa, hətta Rusiyanın bəzi sərhəd ölkələri ilə qarşıdurma səviyyəsinə də keçə bilər. Bu ehtimal Avropa ölkələrini ciddi şəkildə narahat edir. Üstəlik, qarşıdan soyuq qış ayları gəlir. Həm Avropada, həm də Ukraynada enerji böhranı yaşanır. Avropanın da enerji çətinlikləri ilə üz-üzə qalması realdır. Bütün bunlar Avropada indiki gərginliyi və narahatlığı yaradan amillərdəndir".