Oxu.Az-ın suallarına politoloq Vəfa Quluzadə cavab verir.
- Pekində keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” AQFETM sammitinin nəticələrinə görə, qəbul edilmiş deklarasiyada üzv ölkələrin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı dəstəyi, sərhəd toxunulmazlığı, separatizm və ekstremizmin mühakimə edilməsi barədə vacib sözlər öz əksini tapıb. Qarabağ probleminə dair deklarasiyada bu problemin beynəlxalq hüquq əsasında həll edilməsi lazım olunduğu bəyan edilib. Bu sənəd digər təşkilatların mövzuya dair qəbul edilmiş sənədlərindən fərqlənirmi?
- Bu, ümumi sözlərdir, konkretlik yoxdur. Bəli, Qarabağ məsələsi beynəlxalq hüquq normaları əsasında həll edilməlidir. Bunu hamı deyir. Hamı separatçılığa qarşıdır. O cümlədən Rusiya da, Ukraynada yox, öz ərazisində separatçılığa qarşıdır. Çin də separatçılığa qarşıdır, çünki orada uyğur və digər milli azlıqlar var. Ona görə də bu, sadəcə ümumi məlum olan prinsiplər deklarasiyasıdır.
- Çin səfərinə qədər Azərbaycan prezidenti Vyetnama ilk dövlət səfərini edib. Xarici siyasətin şərqə yönləndirilməsi bizə nə vəd edir?
- Azərbaycan müstəqil dövlət kimi xarici əlaqələrini genişləndirir. Ona görə də baş verənləri bu aspektdən qəbul etmək lazımdır. Mən Azərbaycanın xarici siyasətinin vektorunun dəyişdiyini deməzdim – bu, dünya ölkələri ilə sərfəli əsaslarda və milli maraqlarımız zəminində əməkdaşlıqdır.
Bəli, Azərbaycan enerji daşıyıcıları istiqamətində qərbyönümlüdür. Və həyatının demokratikləşməsi istiqamətində çox iş görüb. Beynəlxalq təşkilatlar nə qədər tənqidi yanaşsalar da, Azərbaycanı digər ölkələrlə, məsələn, Türkmənistan və ya Özbəkistan ilə müqayisə edin. Eyni zamanda, Azərbaycan çox mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya, İran, Türkiyə, Avropa, ABŞ kimi güclü oyunçular əhatəsindədir. Ona görə də bu meydanda maraqlarımızı qoruyuruq və bizə zərər gətirə biləcək hər şeydən müdafiə olunuruq.
- Çinlə münasibətlərin gücləndirilməsi barədə çoxu danışır, xüsusilə də Rusiya və qərbin münasibətinin kəskinləşdiyi bir dövrdə. Prezident Əliyev bu əməkdaşlığın energetik sahədə vacibliyini qeyd edərək, Azərbaycan enerji resurslarının əsas hissəsi Asiya bazarı üçün nəzərdə tutulub. Bu istiqamət bizim üçün nə dərəcədə perspektivlidir?
- İş ondadır ki, Azərbaycan enerji daşıyıcıları planında hal-hazırda çətinliklər hiss edə bilər. Avropa Azərbaycanın öz enerji daşıyıcılarını və bir sıra Asiya dövlətlərinin enerji daşıyıcılarını Avropa bazarına çıxaracağına ümid edir. Bu addımı ataraq Azərbaycan Rusiyanın maraqları ilə konfrantasiyaya girir. Belə ki, Rusiya Avropaya enerji daşıyıcıların çatdırılmasında monopoliyanın dayandırılması prosesində Azərbaycanın iştirak etməsini istəmir.
Belə olan halda Rusiya özü Azərbaycanın enerji daşıyıcılarını almağa hazırdır. Amma biz onları Rusiyaya satsaq, o zaman biz qərbi özümüzə qarşı çevirmiş olacağıq. Çini isə orta qərar kimi qəbul etmək olar. Necə deyərlər, “nə sizə, nə bizə, Çinə”. Belə variant gözlənilir, amma əgər Azərbaycan Asiya bazarlarını seçərsə, bu, yenə də Rusiyanın maraqlarında alınır. Bu halda qərb yenə də bizdən narazı olacaq. Ona görə də bu mürəkkəb vəziyyətdə bizə ziyan deyil, xeyir gətirəcək, öz yolumuzu seçmək lazımdır.
- Qeyd edim ki, Azərbaycanın qərbdən narazı olması üçün çox səbəbi var. Məsələn, Qarabağ münaqişəsində fəaliyyətsizliyi götürək. Amerika vasitəçisi C.Uorlikin Ermənistanın Dağlıq Qarabağ yaxınlığında yerləşən işğal etdiyi rayonları azad etməsinin labüdlüyü haqqında bəyanatlarına baxmayaraq, İrəvanda buna neqativ yaxınlaşdılar, və deyəsən bu sahədə heç kim heç nə etmək istəmir.
- İş ondadır ki, qərbin Qarabağ münaqişəsinə dair bütün pozitiv bəyanatları qara qəpiyə dəymir. Birincisi, bütün prinsiplər bəllidir. İkincisi, Rusiyanın Ermənistanı manipulyasiya etdiyi məlumdur, və Ermənistan bütün təklifləri təkzib edir. Və Azərbaycanla danışıqlara getmək istədiyi an Rusiya tərəfindən cəzalandırılır. Buna dair dəfələrlə misal çəkmişəm. Ermənistan bunun zərərini çəkib, artıq göstərişsiz heç bir şey etməyəcək.
Ona görə də qərbin gözümüzə kül üfürərək “ermənilər işğal edilmiş torpaqları azad etməlidirlər” kimi ifadələri işlədərək bu münaqişənin həll edilməsində daha fəal iştirak etmələri görüntüsünü yaratmalarının bizə heç bir xeyri yoxdur. Qərb məsələni həll edə bilməz, Rusiya istəmir. Vəziyyət iyirmi il bundan əvvəl olduğu kimidir.
F.H.
www.oxu.az