"ATƏT Minsk qrupunun həmsədrlərindən heç biri Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmurdu. Deyirdilər ki, öz aranızda razılığa gəlin, biz sizi dəstəkləyəcəyik. Heç kim Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmirdi. Nəticədə işğala məruz qalan tərəfi işğalçı ilə bərabərləşdirirdilər".
Oxu.Az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində sabiq xarici işlər naziri Vilayət Quliyev 2001-ci ildə Fransa və ABŞ-də mərhum prezident Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryanla görüşləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, Ki-Vest görüşü danışıqlar prosesində ən yüksək nöqtə idi: "Bu danışıqlarda münaqişənin müəyyən ərazi güzəştləri məsələsi ilə həlli gündəmə gəlmişdi. Təbii ki, bunun detallarını açıqlaya bilməyəcəyəm. Təbii ki, Azərbaycanın tələbləri Ermənistan tərəfindən qarşılanmadığından həll prosesindən imtina etdik", - sabiq nazir deyib.