"Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası həm də türk dünyasının nəqliyyatın bu növünün infrastrukturu ilə birləşməsi anlamına gəlir. Burada yalnız ənənəvi yükdaşımalar deyil, eyni zamanda innovativ məhsulların, o cümlədən yaşıl enerjinin daşınması nəzərdə tutulur".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə bölgənin nəqliyyat-loqistika potensialı, beynəlxalq yükdaşımaların həcminin artırılması, eləcə də regionun geosiyasi mövqeyinin gücləndirilməsi aspektindən qiymətləndirilməlidir:
"Nəzərə alsaq ki, uzun müddət blokadada qalan Naxçıvan artıq regional layihələrin qovşağına çevrilməkdədir. Çünki Zəngəzur dəhlizinin, eləcə də TRIPP-in istifadəyə verilməsi, onların Orta Dəhlizlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası bu marşrutlar üzrə daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək və ümumiyyətlə regionun əhəmiyyətini artıracaq.
Digər tərəfdən, İranla ikinci dəmir yolu xəttinin tikintisi ilə bağlı qərar da regional loqistik və nəqliyyat imkanlarından ölkələrin daha geniş yararlanmasına imkan yaradacaq. Eyni zamanda, Avropadan Asiyaya daşınan yüklərin həcminin 200 milyard dollar artacağı proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, əhəmiyyətli yüklərin təxminən 7%-i Zəngəzur dəhlizi və Orta Dəhliz vasitəsilə daşınacağı halda, bu, region ölkələri üçün yeni valyuta gəlirləri baxımından mühüm imkandır.
Ona görə də bu səfər region üçün strateji əhəmiyyət daşıyır".
Deputatın sözlərinə görə, kommunikasiyaların bərpası, eləcə də Türkiyə və İranla nəqliyyat coğrafiyasının genişlənməsi bölgə üçün stabillik və sülh vəd edir:
"Ermənistan və Azərbaycan arasında sülh danışıqları gündəliyinin vacib istiqamətlərindən biri də məhz kommunikasiyaların yenidən bərpası, o cümlədən TRIPP və Zəngəzur dəhlizindən istifadəyə verilməsidir. Artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Nəticə etibarilə bu proses sülh gündəliyinə uyğun olaraq regionda əməkdaşlıq və inkişaf üçün yeni zəmin yaradır.
Ümumiyyətlə, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatı bağlantısının bərpası demək deyil. Zəngəzur dəhlizi bütövlükdə region üçün yeni bir inteqrasiya layihəsidir. TRIPP və Zəngəzur dəhlizi Orta Dəhlizlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunduğu üçün praktiki olaraq Avrasiya məkanındakı ümumi ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək və region üzərindən daşınan yüklərin həcmində artım müşahidə olunacaq".
O vurğulayıb ki, bir tərəfdən Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artması, digər tərəfdən Rusiya və İrana qarşı sanksiyalar Cənubi Qafqaz da daxil olmaqla, region üzərindən daşınan yüklərin həcminə birbaşa təsir edir. Ona görə də alternativ marşrutlara böyük ehtiyac var:
"15 milyon ton yükaşırma gücü olacaq marşrut alternativ olaraq bölgə üzərindən daha çox yükün daşınmasını təmin edəcək. Qonşu ölkələri də nəzərə alsaq, bu, 200 milyondan çox istehlakçısı olan bazarlara çıxış imkanı deməkdir.
TRIPP, təbii ki, türk dünyasını birləşdirən bir yol olacaq. Bu layihələr Azərbaycanın elektrik enerjisi ixracının artmasına və növbəti mərhələdə ölkəmizdə istehsal edilən elektrik enerjisinin Avropa bazarına daxil olmasına imkan verəcəkdir. Bu isə daha geniş anlamda yeni əməkdaşlıq platformasının və xəritəsinin formalaşması deməkdir".