Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xronika: "Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Həyat yoldaşım bizə "klyonka çadır"lardan ev düzəltdi" adlı veriliş əslən Vedibasar mahalının, Vedi rayonunun Şirazlı kənd sakini Simuzər Əhmədovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin yaylaqlarda keçdiyini, o vaxt azərbaycanlı və erməni ailələrin mehriban qonşuluq şəraitində yaşadığını söyləyib: "Günlərimiz yaylaqlarda keçib. Novruz bayramında qızlarla bulağa gedərdik, tonqal yandırardıq, papaqatdı oynayardıq, qapı pusardıq. Kənddə məktəbə ermənilərlə bir yerdə gedib-gəlmişik. Bir-birimizin evlərinə gedib-gəlir, bayramları birgə qeyd edirdik".
Onun sözlərinə görə, ermənilər o vaxt camaatı yığıb Vedi rayonuna aparıb işgəncələr veriblər: "O vaxtdan onlar bizimlə dolanmırdılar. 1941-ci ildə nənəmin yoldaşını, babamı ermənilər öldürüblər. 1985-ci ildə ermənilər təxribat törədirdilər. Lapetə daş yığıb, benzin, solyarka dolu butulkaları yandırıb evlərə, ot tayalarına atırdılar".
Şirazlı sakini kəndi necə tərk etmələrindən də danışıb:
"1988-ci il idi. Bir qonşumuz var idi, yoldaşıma dedi ki, uşaqları buradan tez çıxar. Bir erməni qonşumuz gecə ilə uşaqları, qadınları aparıb zirzəmiyə doldurdu ki, bizə dəyməsinlər. Biz səhərə kimi qonşunun zirzəmisində döşəmənin üstündə qaldıq. Səhərə yaxın üstü çadırlı maşınlar gəldi. Ruslar idi, bizi maşınlara yığıb, Şiddi kəndinə aparıb, Araz çayının qırağına tökdülər. Orada erməni yox idi, hamısı azərbaycanlı idi, Azərbaycan kəndi idi. Helikopterlə yemək gətirdilər. Yayın istisində uşaqlar pis vəziyyətə düşmüşdülər. Yoldaşım çox çətinliklə bizi gecə ikən oradan Azərbaycana, İmişli rayonuna apardı. Atam evi dəyişəndən sonra biz Goranboya getdik. Sonra yoldaşım öz evimizi dəyişəndən sonra Bakıya gəldik".
Həyat yoldaşı şəhid olan və üç uşaqla tək qalan S.Əhmədova bu gün doğma yurdunun həsrəti ilə yaşadığını deyib:
"Vətən həsrəti ilə yaşayıram. Qəbirlərimiz, ata-babamızın qəbirləri, ocaqlarımız, abidələrimiz oradadır. İnşallah, mən qayıdanda evimizə, alma, ərik, üzüm bağlarımıza gedəcəyəm. Atam o evləri nə əzab-əziyyətlə tikib, çox əziyyətlər çəkmişik. Uşaqlıq, məktəb illərim orada keçib. Mütləq qayıdacağıq. İnsan nə qədər danışsa da, oranın həsrəti bitmir".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Azərbaycanlıların qayıdışı məsələsi qapalı görüşdə razılaşdırılıb"
- Xronika: "Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib"
- Xronika: Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagölçay - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi"
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"