ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfər edərək münaqişənin həlli ilə bağlı təkliflər verməsi müsbət haldır. Biz sülhün, danışıqlar prosesinin tərəfdarıyıq. Azərbaycan prezidenti də dəfələrlə vurğulayıb ki, biz Minsk qrupundan münaqişənin həlli prosesində əməli addımlar gözləyirik.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hakim partiyanın saytına verdiyi müsahibədə deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətindən o qədər də razı deyil, amma bütün bunlara baxmayaraq, biz danışıqlar prosesini tərk etməməliyik. Onun fikrincə, həmsədrlərin bölgəyə indiki səfəri cəbhədə yaranmış gərgin vəziyyətin sabitləşməsinə müsbət təsir göstərə bilər. Hər halda, həmsədrlərin fəallaşmasını müşahidə etməkdəyik və ümidverici bəyanatlar eşitməkdəyik. Güman edirəm ki, aparılan danışıqlar müəyyən nəticə verəcək.
Onun sözlərinə görə, xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Buraya isə əsas məsələlər kimi Ermənistanın təcavüzkar siyasətinin dünya miqyasında ifşa olunması, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini göstərən qətnamələrin qəbuluna nail olunması, problemin həllində dünya dövlətlərinin dəstəyinin alınması və s. daxildir. Məhz Prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası sayəsində haqqında danışdığımız istiqamətdə mühüm nəticələr əldə olunub.