Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: Aztəminatlı ailələrə kömək etməsək, sıfırın altına düşəcəyik
Oxu.Az-ın müxbirinin suallarını millət vəkili Fəzail Ağamalı cavablandırır:
- Fəzail bəy, büdcə müzakirələrində ən çox dilə gətirilən və narahatlıq bildirilən məsələlərdən biri son illər ölkəmizdə uşaq doğumunda sayın azalması məsələsidir. Son çıxışınızda bu məsələyə toxundunuz və bəzi addımların atılmasını təklif etdiniz. Doğrudanmı, vəziyyət bu dərəcədə ciddidir?
- Bu, ciddi və düşündürücü bir məsələdir. Bu məsələ demoqrafik təhlükəsizliyimizə əngəl yaradır. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir. Milli Məclisdə statistik rəqəmlər dilə gətirildi və bəlli oldu ki, 2011-2017-ci illərdə, hətta 2018-ci ilin ilk doqquz ayında hardasa 40-50 min civarında azalma var.
Bu, çox böyük rəqəmdir. Burada da böyük problemlər var. Ailə institutları bizdə artıq əvvəlki ənənələrə söykənmir. Kifayət qədər aşınıb.
Bütün bunların hamısı nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Azərbaycanda artıq əhali artımında ciddi problem mövcuddur. Yəni uşaq doğumunda problem var. Mən çıxışımda da dilə gətirdim ki, imkanlı ailələr iki uşaqdan artıq övlad dünyaya gətirmirlər. Baxmayaraq ki, imkanları var, pulları var, ancaq iki uşaqdan çox uşaq istəmirlər. Ancaq əhali artımında həlledici rolu - araşdırmalar da bunu göstərir - aztəminatlı və bir də orta təminatlı ailələr oynayır.
Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də burada həyəcan təbili vurulmalıdır, necə ki, biz həyəcan təbilinin ilkin səslərini, həyəcanların önə çəkdik.
Həmçinin, kütləvi informasiya vasitələri bununla bağlı araşdırmalarını, təhlillərini aparmalıdır, yazılarını verməlidir, bu məsələ ictimailləşdirilməlidir, və biz hökmən çalışmalıyıq ki, həm doğulan uşağa birdəfəlik yardımın miqdarı artırılsın, hardasa minimum 200 manat olsun və bir də hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilsin. Mənə elə gəlir ki, bununla bir az vəziyyəti tənzimləyə bilərik.
Ailələri hökmən həvəsləndirməliyik, onların problemlərinin, xüsusilə uşaqla, övladla bağlı problemlərinin həllində onlara yardımçı olmalıyıq. Azərbaycan xalqı nəsil verən xalqdır. Biz genetika baxımından nəsil verən xalqıq. Yəni bir çox xalqlar kimi qocalan, qocalığa meyilli xalq deyilik. Ona görə xalqın bu ənənəsinə söykənərək, onu stimullaşdırmalıyıq.
- Siz bu məsələ ilə bağlı həm də qanundankənar nikahları, ailə institutunun dağılmasına yönələn məqamları vurğuladınız. Burada yad, kənardan bizə ötürülməyə, pərçimlənməyə çalışılan zərərli, mental dəyərlərimizlə uzlaşmayan, daban-dabana zidd elementlər də öz “rolu”nu oynayırmı?
- Yad elementlərin böyük təsiri var. Ancaq bununla bərabər, həm də sosial problemlər də var. Gənc ailələr evlənirlər, bir çoxunun evləri olmur və ata-ana ilə bərabər yaşayırlar, müxtəlif qarşıdurmalar, müxtəlif söz-söhbətlər, ailə münaqişələri olur. Yəni yaşayış tərzi aşağı olanda, ehtiyaclar ödənilməyəndə ailədə istər-istəməz söz-söhbətlər meydana gəlir - ya kişi tərəfindən, ya qadın tərəfindən. Özü də fərqi yoxdur, bunların hər ikisi var. Bununla belə, mənə elə gəlir ki, artıq sosial evlərin hazırlanması və ehtiyacı olan gənc ailələrə verilməsi ilə bağlı dövlət proqramının özünün evlə bağlı ehtiyacların ödənməsinə təsiri olacaq.
Ancaq yad elementlərin Azərbaycana təsirini azaltmaq üçün, heç şübhəsiz ki, kütləvi informasiya vasitələrində maarifləndirmə işini genişləndirməliyik və çalışmalıyıq ki, əsrlərdən bəri bizə gəlib yüksək səviyyədə qiymətləndirdiyimiz, miras qalan ailə institutunu möhkəmləndirək, o ənənələri qoruyaq, saxlayaq.
- Sosial evlərdən söz düşmüşkən, bildiyiniz kimi, bu məsələnin ilkin mərhələsində ciddi problemlər, qanunsuzluqlar yaşandı və ilkin nəticələr ləğv edildi. Bu baxımdan, necə hesab edirsiniz, növbəti mərhələdə də bu cür qanunsuzluqlar, ədalətsizliklər yaşana bilərmi, yoxsa gözləntiniz müsbətə tərəfdir?
- Təbii ki, hamı kimi mənim də gözləntim ədalətin, haqqın, ehtiyacı olanların evlə təmin edilməsidir. Yəni ehtiyacı olmayanların bu məsələdən istifadə edib, yararlanıb özlərinin evlərinin sayını artırmasına son qoyulmalıdır və bu işlə məşğul olanlar haqqı, ədaləti, vicdanı və Allahı unutmalı deyillər.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
Rəylər