Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağı soruşurlar. ABŞ-da yaşayan azərbaycanlı alimlə - ÖZƏL MÜSAHİBƏ
Oxu.Az-ın suallarını Amerika Birləşmiş Ştatlarında Simons Fondunun açıqladığı “fərqlənmiş alimlər”dən biri seçilən azərbaycanlı, riyaziyyat və dəqiq elmlər üzrə professor Anar Əhmədov cavablandırıb:
- ABŞ-a getməyə necə qərar verdiniz?
- 1996-cı ildə təhsilimlə bağlı ABŞ-a getməyi qərara aldım. Sözsüz ki, ABŞ-ın bir çox universitetlərində təhsilin yüksək səviyyədə olması mənim qərarımda mühüm rol oynadı.
- ABŞ-da bir azərbaycanlı alim kimi uğurlar qazanmısınız. Sizcə bunun səbəbi nədədir?
- Mən təhsilimin böyük bir hissəsini ABŞ-da almışam. Üzərində çalışdığım məsələ - dördölçülü topologiya sahəsinin ən aparıcı mütəxəssisləri əksərən ABŞ-ın Princeton, Berkeley, Kolumbiya, Stenford ve Miçiqan kimi universitetlərində çalışırlar. ABŞ-a gəlməyimin əsas səbəbi də elə bununla bağlıdır.
- ABŞ-da ilk vaxtlarda hansı çətinlikləriniz olub?
- Əvvəlcə bəzi maliyyə çətinliklərim vardı, amma burada oxuduğum universitet və professorlar mənə kömək etdilər. Bütün təhsil xərclərim universitet tərəfindən qarşılandı.
- ABŞ təhsil sisteminin müsbət cəhətləri hansıdır ki, onu Azərbaycanda da görmək istərdiniz?
- Amerika Birləşmiş Ştatlarında elmə və təhsilə yanaşma çox yüksək səviyyədədir. Tələbələrin, aspirantların və alimlərin uğur qazanması üçün hər cür şərait yaradılıb. Elmə və təhsilə böyük qrantlar ayrılır. Mən bütün bunları Azərbaycanda görmək istərdim.
- Nə vaxtsa Azərbaycana geri dönmək planınız var?
- Azərbaycana tez-tez gəlməyə çalışıram. Hazırda valideynlərim Bakıda yaşayırlar. Ümid edirəm ki, bir gün davamlı olaraq Azərbaycana qayıdacağam və orada təhsilə öz töhfəmi verəcəyəm.
- Azərbaycanlı olduğunuzu biləndə daha çox sizdən nə soruşurlar?
- Bəzən Qarabağ münaqişəsi və Azərbaycan yeməkləri barədə soruşurlar.
- Riyaziyyat üzrə hər hansı yeniliyi etməyi düşünürsünüz?
- Üzərində çalışdığım əsas məsələlər dördölçülü topologiya sahəsində məşhur olan “hamar Poincare hipotezi” ilə bağlı və ona yaxın olan bir neçə məsələdir. Mənim aldığım nəticələr bu istiqamətdə hazırda mütəxəssislər tərəfindən ən uğurlu nəticələr hesab olunur.
Bu tədqiqatla bağlı məqalələrim riyaziyyat sahəsində məşhur “Inventiones Mathematiace” jurnalında dərc olunub. Araşdırmalarım davam edir və qarşıdakı illərdə yaxşı nəticələr gözləyirəm.
- Elmi araşdırma və məqalələrinizə elmi ictimaiyyətdə hansı rəylər var? Hansı alimlər sizin fəaliyyətinizi dəstəkləyir?
- Daimi professor titullarının (assistent-professor, associate-professor və ya full-professor) verilməsində mənim araşdırma və məqalələrimlə bağlı 25 yaxın rəy yazılıb. Bu alimlərin arasında riyaziyyat sahəsində “Fields Medali” alan mütəxəssislər də var.
Adlar çəkmək istəmirəm, amma onların arasında Berkeley, Princeton, Texas, Harvard, Stenford, Imperial College (Birləşmiş Krallıq), Kyoto Universiteti (Yaponiya), Kaliforniya, İrvin, Miçiqan Dövlət Universiteti və digər universitetlərdən olan professorlar var.
- ABŞ-da yerləşən Simons Fondunun açıqladığı “fərqlənmiş alimlər”dən birisiniz. Necə seçildiniz? Bu fərqlənmə sizə elm sahəsində nə qazandıracaq?
- ABŞ-ın Simons Fondu 2018-ci il üzrə ABŞ və Kanadanın nüfuzlu universitetlərində tədqiqatlar aparan 52 alimə təqaüd ayırıb. Başqa ali məktəblər kimi, bizim universitetdən də hər il bir neçə daimi professorun namizədliyi irəli sürülür, ancaq son qərar Simons Fondu Seçim Komitəsi tərəfindən qəbul edilir.
Simons Fondunun mükafatı öz sahəsində seçilmiş alimlərə verilir. Qeyd edim ki, mən 2012-ci ildə çox nüfuzlu sayılan “Sloan” Fondunun mükafatına da layiq görülmüşdüm və “New York Times” qəzeti də bu barədə yazmışdı (topologiya sahəsində ABŞvə Kanada üzrə iki gənc professordan biri olaraq: www.users.math.umn.edu/~akhmedov/2012_srf_nytimes_ad.pdf).
Bu mükafatları almaq mənim üçün çox qürurvericidir. “Simons” mükafatı mənə 2018-2019-cu illərdə Harvard Universitetində tədqiqat aparmaq və oradakı alimlərlə birgə çalışmaq imkanı verib. Mən hazırda bir illik Harvard Universitetinə dəvət olunmuşam.
- Fond sizin kiçik həcmli və simplektik topologiya üzrə tədqiqatlarınızı yüksək qiymətləndirib. Bu tədqiqatlar nə qədər zaman alıb və hansı yeniliklər əldə etmisiniz?
- On beş ildən artıqdır ki, bu tədqiqatlarla məşğulam. Üzərində çalışdığım məsələ dördölçülü topologiya sahəsində məşhur olan “hamar Poincare hipotezi” ilə bağlı və ona yaxın olan bir məsələdir. Mənim aldığım nəticə bu istiqamətdə hazırda mütəxəssislər tərəfindən ən uğurlu nəticə hesab olunur. Bu tədqiqatla bağlı məqalələrim riyaziyyat sahəsində məşhur “Inventiones Mathematiace” jurnalında dərc olunub.
- Orada evlənmisiniz? Həyat yoldaşınız hansı millətdəndir? Evdə Azərbaycan dilində danışırsınızmı?
- Həyat yoldaşım azərbaycanlıdır. Evdə ana dilimizdə danışırıq.
- Azərbaycanlı tələbələriniz varmı?
- Mənim Azərbaycandan olan doktorant tələbəm yoxdur, ancaq Türkiyədən tələbə və aspirantlarım var. Bəli, onlar ABS Milli Elm Fondu tərəfindən mənə verilən qrantlardan təhsil dəstəyi alıblar.
İlhamə Əbülfət
Rəylər