Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kaliforniyalı sörfçü tutduğu dalğa ilə rekordu yenilədi: Heyrətamiz görüntülər
ABŞ-nin Kaliforniya ştatının Santa-Kruz şəhərinin sakini olan 23 yaşlı sörfçü Alessandro "Alo" Slebir Half Mun Bay körfəzi yaxınlığındakı "Maveriks" sörfinq məkanında 32 metrlik rekord dalğanı tutmağa müvəffəq olub.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Alessandronun 26 metrlik əvvəlki dünya rekordunu qırdığı güman edilir.
Hələ ki onun, həqiqətən də, dünya rekordunu yeniləyib-yeniləmədiyi dəqiq deyil. Sörfinq üçün dalğanın hündürlüyünün təxmin edilməsi təbiətən çətin və mübahisəlidir və "Maveriks" xilasetmə qrupunun üzvü Frenk Kirarte bunun hələ ilkin qiymətləndirmə olduğunu bildirib.
Belə ki, əvvəlki dünya rekordunun tanınması 18 ay çəkib və Portuqaliyanın Nazare şəhərində qeydə alınıb.
"Bu, həqiqətən də, həyatımda ən böyük dalğa idi və hazırda məni maraqlandıran tək şey budur", - deyə Slebir qeyd edib.
Lakin bir çox sörfçülər fotoşəkillərlə tanış olduqdan sonra həmkarlarının uğurunu artıq rekord kimi qiymətləndiriblər.
Slebirin tutduğu dalğa təkcə ölçüsü ilə deyil, həm də ideal forması ilə təəccübləndirib. Nəticədə sörfçü dalğanın bütün səthi boyunca yuxarıdan aşağıya qədər keçə bilib.
Qeyd edək ki, daha əvvəl insanın fəth edə bildiyi və "Ginnesin Rekordlar Kitabı"na düşən ən yüksək dalğanın hündürlüyü 26 metr təşkil edib. Bu nailiyyət 29 oktyabr 2020-ci ildə Portuqaliyada, Norte sahillərində 26 metrlik dalğaya uğurla qalxan Sebastyan Stoydtnerə məxsus olub.
Ancaq qeyri-rəsmi olaraq, hələ 2013-cü ildə ABŞ-li sörfçü Qarrett Maknamara, həmçinin, Portuqaliya sahillərində 30 metrlik dalğanı fəth edib.
Rəylər