İmtahanın gedişində qaydaları kobud şəkildə pozan iştirakçılar növbəti imtahanlara buraxılmayacaq.
Bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.
O bildirib ki, başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək istəyənlər olub:
“İmtahan iştirakçıları arasında baş örtüyü ilə gələn şəxslər olub ki, nəzarətçiləri aldatmağa çalışıblar. Belə ki, onların şəxsiyyət vəsiqələrinə baxış zamanı məlum olub ki, sənəd onlara məxsus deyil. Onlar başqasının yerinə imtahana girməyə cəhd ediblər. Bu kimi hallarda həmin şəxslər növbəti imtahanlara buraxılmayacaq.
Bəzən qulaqlıqdan istifadə edənlər də olub. Qanunvericiliyin tələblərinə uyğun olaraq onların imtahan nəticələri ləğv edilib, özləri isə imtahan zalından uzaqlaşdırılıblar. Həmin şəxslər barəsində müvafiq orqanlara da müraciət edilir.
Bütün imtahanlar tam şəffaf şəraitdə aparılır. İmtahanın sonunda isə hər bir iştirakçı öz nəticəsini və bu nəticəyə uyğun olaraq gələcəkdəki seçimlərini görə bilir”.
İmtahan zamanı iştirakçıların yerlərinin dəyişməsinə münasibət bildirən nazirlik sözçüsü bildirib ki, bu, birbaşa imtahanın gedişinə mane olan iştirakçılara aiddir:
“Belə hallar çox deyil. Bəzən rəfiqəsi ilə gələn iştirakçılar bir-birinə kömək məqsədilə ard-arda yerlərdə əyləşir. Nəzarətçilər həmin şəxslərin söhbət etdiyini müşahidə etdikləri zaman onların yerlərini dəyişməsini tələb edə bilər. Bunun kompüter və ya hər hansı başqa məqamla əlaqəsi yoxdur”.
İmtahana baş örtüyü ilə gəlib nəzarətçiləri aldatmağa çalışdılar - VİDEO
Könül Cəfərli
Video: Billurə Mikayıllı, Orxan Hüseynzadə
Rəylər