Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bədii Şuralar da TV-ləri xilas edə bilmədi? - “Bunlar ucuz aparıcıların işidir”
Bir müddət əvvəl Azərbaycan televiziya kanallarında bayağı və şou verilişləri ilə bağlı qınaq Bədii Şuralarının yaradılmasına səbəb olub.
Xalq artistləri, bəstəkarlar, rejissorlar, yazıçı-şairlər, kulturoloqlar, modelyerlər, hətta millət vəkilləri də Bədii Şura üzvlüyünə seçilib.
Bədii şuraların yaranmasından xeyli müddət keçməsinə baxmayaraq, TV-lərdə vəziyyət yenə də acınacaqlıdır. Problemlər olduğu kimi qalır, verilişlərin keyfiyyətində heç bir artım gözə çarpmır.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı TV-lərdə yaradılan Bədii Şura üzvlərinə müraciət edib.
AzTV-nin Bədii Şura üzvü, xanəndə, Xalq artisti Mənsum İbrahimov üç ay ərzində dövlət kanalında 16 yeni verilişin yarandığını açıqlayıb:
“Yeni verilişlərin hamısı müzakirə edilib. Aparıcıların danışığı, həmin proqramlara dəvət olunacaq müğənnilər, verilişlərin formatı barədə demokratik şəkildə müzakirələr aparıb qərar qəbul etmişik. Hətta Gəncə, İsmayıllı və Şamaxı bölgələrində də olub, əhalinin fikirlərini nəzərə almışıq. Növbəti iclaslarda həmin təklifləri səsləndirəcəyik.
Kanalın yeni rəhbəri də demokratik bir insandır. Bizim fikirlərimizə diqqətlə yanaşır. Səsləndirilən iradların və məsləhətlərin hamısını nəzərə alır.
Kanalın yenilənməsi də göz qabağındadır. AzTV-nin ənənəsi var ki, ona toxunmaq olmaz. Amma orada canlanma, milli-mənəvi dəyərlərə söykənən yeni verilişlər olmalıdır ki, xalqın ürəyincə olsun.
Hesab edirəm ki, AzTV-də yaranan Bədii Şura öz işini çox yaxşı yerinə yetirir. Tamaşaçılar bir neçə yeni proqrama da sentyabrdan baxa biləcəklər”.
“Xəzər” TV-də yaradılan Bədii Şuranın üzvü, yazıçı-publisist Həmid Herisçi isə saytımıza açıqlamasında bildirib ki, sentyabr ayından müəyyən yeniliklər olacaq:
“Şuranın iclaslarında danışıqlar olub, təkliflər verilib, iradlar bildirilib. Hesab edirəm ki, şura üzvlərinin təklifləri və çıxışları nəzərə alınacaq.
Kanallardakı davaları şou-biznes dəllalları, təcrübəsi olmayan gənclər yaradır. Onlar telekanallar haqqında mənfi fikri yaratmaq istəyirlər. Amma yerli telekanallarda bayağılıq getdikcə azalacaq. Peşəkarlar gələcək”.
Herisçinin sözlərinə görə, “Xəzər” TV-də müəyyən ciddi dəyişikliklər edilib:
“Aparıcı olduğum “Xəzər Səhər” proqramı buna nümunədir. Naliyyətlərimizdən biri odur ki, biz səhər verilişimizdə yeni “Müəllif özü, müəllif sözü” adlı rubrika açdıq. Adətən, yazıçıları verilişlərdə qladiator kimi dalaşdırırlar. Onlar da heç bir fikir bildirə bilmir. Bunu isə ucuz teleaparıcılar edir.
Biz qonaqlara öz işlərini göstərmək üçün imkan yaratdıq. Çox yaxşı rubrika alındı. Bu “Xəzər Səhər” verilişində olan yenilikdir. Sentyabr ayından başqa yeniliklər də olacaq”.
ATV-nin Bədii Şura üzvü, Əməkdar artist Gövhər Həsənzadə deyib ki, bir telekanalın formatında dəyişikliklərin edilməsi və tənzimlənməsi üçün zaman lazımdır:
“Bunlar bir o qədər asan məsələ deyil. Hazırda işlər gedir. Musiqi baxımından, hesab edirəm ki, gənclərlə iş birliyi daha çox olmalıdır. Hazırda bununla bağlı iki lahiyə üzərində işləyirik. Bunlar tok-şou xarakterli verilişlər olacaq. İstəyirəm ki, yeniyetmələrin maariflənməsi, zövq, musiqi duyumu baxımından daha çox verilişlər, sosial çarxlar olsun.
Düşünürəm ki, bu lahiyələri yüksək səviyyədə həyata keçirə bilsək, hər kəs razı qalacaq. Sentyabrdan bir çox yeniliklər olacaq”.
Sevinc Yasinqızı