18 
Noy
2019
20:00
53
122
4416
Virtual karabakh

“3D”nin Lyubası: Dadaş müəllim ona “animasiya” deyilməsini sevmir - MÜSAHİBƏ

AVRO-2020-nin “Bakcell Arena”da keçirilən Azərbaycan – Uels oyununu izləyənlər arasında İTV-də yayımlanan, son vaxtların ən çox müzakirə olunan verilişi “3D”nin qəhrəmanları da vardı.

Dadaş Dadaşlinskinin katibəsi Lyuba və onun qəbuluna düşməyi bacarmayan Əziz. Verilişin əsas qəhrəmanı Dadaş müəllim isə ortalıqda gözə dəymirdi.

Oyunun fasiləsində bu ikiliyə yaxınlaşıb Oxu.Az üçün bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.

– Oyunlara belə tez-tez gəlirsiniz, yoxsa stadiondan baxdığınız birinci oyundur?

Lyuba: Birinci dəfədir ki, gəlirəm. Oyundan çox narazıyam. Soyuqdur. Mən VIP yerdə oturmaq istəyirdim.

– Bəs niyə alınmadı?

Lyuba: Çünki bileti özümüz almamışıq. Bizi dəvət ediblər.

– Bəs Dadaş müəllim niyə oyuna gəlməyib?

Əziz: İşi var idi, gələ bilmədi.

– Oyun xoşunuza gəlir, ya yox?

Əziz: Maraqlı oyun gedir. Sadəcə, bizimkilər gərək hücumun kəsərini bir az artırsınlar. Hava mübarizələrində uduzurlar. Birinci bu problemi yoluna qoymaq lazımdır.

– Siz bilirsinizmi ki, səkkiz dəfə bu komanda ilə qarşılaşmışıq və hələ də qalib gələ bilməmişik?

Əziz: Bəli, çox təəssüflər olsun. Mənə elə gəlir ki, Uelsin fiziki göstəriciləri çox yaxşıdır. Britaniya futbolu oynayırlar. Bu da bizə uyğun deyil. Onlar fiziki cəhətdən çox güclüdürlər. Bu fərq hiss olunur. Hesab bilmirəm, necə bitəcək? Amma ümidvaram ki, heç-heçə olacaq (məlum olduğu kimi görüş Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatdı – S.M.).

– Əziz, siz verilişdə sonradan peyda oldunuz. Necə oldu ki, bu ideya yarandı?

Əziz: Mən lazım olan vaxtda peyda oldum. Dadaş müəllimin qəbuluna düşmək istəyirdim. Hələ də qəbula düşə bilmirəm.

– Qəbuluna düşüb ona nə demək istəyirsiniz ki?

Əziz: Bir çox vacib, həyati əhəmiyyətli məsələləri.

– Şəxsi məsələdir?

Əziz: Həm şəxsi, həm də ictimai məsələlər. Amma gərək onun yanına girim ki, cəmiyyət bilsin həmin məsələləri. Ümidvaram ki, mən də qəbula düşə biləcəyəm.

– Lyuba xanım, Dadaş müəllimin fəaliyyətindən bir katibə kimi razısınız?

Lyuba: O, mənim kumirimdir. Ümumiyyətlə, mən o insanı çox istəyirəm. Onun hər bir xüsusiyyətindən çox razıyam. Əzizin sözlərinə əlavə etmək istəyirəm. O, bir dəfə Dadaş müəllimin qəbuluna düşüb. Yəqin, heç kim xatırlamır. O, içəri girdi və nə demək istədiyini unutdu.

– Həyəcanlandınız deyə sözlərinizi unutdunuz?

Əziz: Bəli. İnsan olaraq onu tam başqa cür təsəvvür edirdim.

– Yəqin, onu insan cildində yox, animasiya şəklində görüncə həyəcan hissi sizi boğdu...

Lyuba: Hansı animasiya? Dadaş müəllim ona “animasiya” deyilməsini sevmir...

– Əsl adınız Lyubadır, yoxsa bu, verilişə görə seçilmiş addır?

Lyuba: Öz adımdır. Bizdə yalandan heç nə yoxdur. Hər şey doğrudur (əslində isə əsl adı Lyubov Morqunovadır – S.M.). Hətta Dadaş müəllim də...

– Biz bilirik ki, Dadaş müəllimin əsl adı başqadır...

Lyuba: Onu bilirdinizsə, bunu da öyrənəydiniz də...

– Dadaş müəllim daha məşhur olduğu üçün onun əsl adını mətbuat tapa bilib. Sizin haqqınızda isə heç bir məlumat yoxdur...

Lyuba: Siz onun populyarlığı haqda bilirsinizsə, onda bunu da bilməli idiniz ki, ona “animasiya” demək olmaz. O, belə deyilməsini xoşlamır.

– Onun yanında demərik bu sözü. Mən sizin yanınızda belə deyirəm...

Lyuba: Elə mən də xoşlamıram...

– Siz də xoşlamırsınızsa, deməli, müdirinizi çox istəyirsiniz... Necə oldu ki, sizə o vəzifədə işləmək təklifi gəldi?

Lyuba: Bu sualın cavabını verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Dadaş müəllim kofeni şəkərsiz içməyi xoşlayır.

– Başqa nəyi xoşlayır?

Lyuba: Dolmanı.

– Biz gələcəkdə onu kofe içən və dolma yeyərkən görə biləcəyik?

Lyuba: Bu, nə sualdır verirsiniz? Dadaş müəllim kofe onsuz da içir... (Əziz bəhanə ilə müsahibəni burda tamamlamağımızı istəyir)

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri