Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi: “Bizim günahımız yoxdur”
“Axşam baş vermiş yanğında bizim günahımız yoxdur. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.
Bunu BakuPost-a açıqlamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş:
“Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Mühafizəçimizin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burada ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Baş Prokurorluğun müstəntiqlərinə ifadə verirəm”.
İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə günahlandırmasına da münasibət bildirib:
“Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğının söndürülməsi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.
Samir Məmmədov bazarın qəsdən yandırılması ilə bağlı iddialara da münasibət bildirib:
“Həmişə nəsə baş verəndə onunla bağlı müxtəlif versiyalar səsləndirilir. İndi də bazarın başqa yerə köçürülməsi, ard-arda böyük yanğınların baş verməsinin təsadüfi olmadığı ilə bağlı iddialar var. Mən bu barədə heç nə deyə bilmərəm. Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidir. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardır”.
Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, sahəsi təqribən 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb. Hadisə yerinə nazirliyin, ümumilikdə, 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Rəylər