Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bəhram Bağırzadə ECMO cihazından ayrıldı - YENİLƏNİB
“17 günə yaxın bir müddətdir ki, Bəhram Bağırzadənin müalicəsi ECMO cihazına bağlı olaraq davam etdirilirdi. Ötən gün axşam Əməkdar artistin ECMO cihazından ayrılmasına qərar verilib”.
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, ECMO cihazından ayrılmasına səbəb həm vəziyyətində müşahidə edilən müsbət dəyişiklik, həm də cihazın istifadə müddətinin 2-3 həftə olmasıdır:
“ECMO cihazı müddətdən artıq istifadə edildikdə müəyyən fəsadların əmələ gəlməsinə şərait yarana bilər. Kolleqalarla ümumi müzakirə zamanı bütün bu ehtimallar nəzərə alınaraq, bu qərar verildi.
Son bir həftə ərzində ağciyərlərin rentgen görüntüləri müsbət olub. Bəhram Bağırzadə hələlik dərman preparatları vasitəsilə koma vəziyyətində saxlanılır. Onun komadan oyandırılması üçün hələ çox tezdir.
Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alınır. Növbəti dörd gün ərzində ağciyər bədənin bütün orqanlarına kifayət qədər oksigen ötürə bilərsə, komadan oyandırılması ilə bağlı fikirlər müzakirə edilə bilər.
Biz ümid edirik ki, hər şey düşündüyümüz ardıcıllıqla getsə, qısa zamanda Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmasına qərar verilər. İntensiv müalicə tədbirləri davam etdirilir.
Bu gün əldə etdiyimiz nəticələr bu günə qədər mərhələli şəkildə tətbiq edilən müalicə prosedurlarının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Artıq orqanizmdə gedən dəyişiklikləri və ağciyərin bundan sonrakı fəaliyyəti özünü zamanla göstərəcək. Müalicə metodları da buna uyğun şəkildə tənzimlənəcək”.
09:03
“Bəhram Bağırzadənin ümumi vəziyyəti stabil-ağır olaraq qalır”.
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, Əməkdar artistin səhhətində az da olsa, müsbət irəliləyişlər müşahidə edilir:
“Əvvəlki dövrlə müqayisədə, Bəhram Bağırzadənin vəziyyətində müşahidə edilən hər xırda müsbət irəliləyiş bizim üçün ümiddir. Ümumi vəziyyət stabil-ağır olaraq qalır. Əlimizdən gələni edirik ki, Əməkdar artist qısa zamanda öz sağlamlığına qovuşsun”.
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verilib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar