ABŞ Səhiyyə Nazirliyinin müşaviri, hərbi həkim Tereza Lonq Ağ Evin sabiq rəhbəri (2021-2025) Co Baydenin prezidentliyi dövründə amerikalı hərbçilərin COVID-19 əleyhinə vaksinasiyanın fəsadlarından ehtimal olunan ölüm hallarını tədqiq edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Lonq Bayden administrasiyası dövründə hərbçilərin COVID-19 vaksinasiyasına nəzarət edən Mərkəzi Kəşfiyyat İdarəsinin yüksəkrütbəli rəsmisinin işdən çıxarılması ilə bağlı məhkəmə prosesi çərçivəsində bildirib ki, o, hərb naziri Pit Heqset və səhiyyə naziri kiçik Robert Kennedi ilə birlikdə 2021-2022-ci illərdə peyvəndləmə ilə hərbçilərin ölüm səviyyəsi arasındakı əlaqəni araşdırır. Həmin dövrdə Ağ Ev rəhbərinin hərbi qulluqçuların məcburi vaksinasiyası haqqında sərəncamı qüvvədə idi. Lonq məhkəməyə COVID-19 peyvəndinin tətbiqindən sonra baş verən 28 ölüm halı barədə məlumatlı olduğunu açıqlayıb.
Nəşrin istinad etdiyi 2024-cü ilin tədqiqatına əsasən, "Pfizer" və ya "Moderna" vaksinləri bir neçə yüz insanda ürək əzələsinin iltihabına səbəb olub. Pentaqonun builki hesabatında peyvəndləmədən sonra hərbi qulluqçular arasında ürək xəstəlikləri hallarının artdığı qeyd edilsə də, tədqiqatda heç bir ölüm faktı xatırlanmır.
Nəşr yazır ki, Lonqun birlikdə çalışdığı kiçik Robert Kennedi vaksinasiya əleyhdarı olaraq tanınır. Onun göstərişi ilə onilliklər boyu peyvəndləmə və autizm arasında əlaqə tapmağa yönəlmiş nəticəsiz tədqiqatlar aparılıb. Hazırkı elmi iş çərçivəsində Lonq ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin peyvəndlərin əlavə təsirləri haqqında hesabat sistemində qeydə alınmış 2 544 təsdiqlənməmiş hərbçi ölümünün COVID-19 vaksinləri tərəfindən törədilib-törədilmədiyini müəyyən etmək niyyətindədir. Onun sözlərinə görə, bu prosesin bir il ərzində yekunlaşması gözlənilir.