Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salındı - VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən "Kəlbəcər” neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb.
Gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Kəlbəcər” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.
Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.
Yeni nəsil “Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunan gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan altı yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.
Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra “Kəlbəcər” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.
Yeni nəsil "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş “Laçın” adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq, daha iki ədəd eyni tipli gəminin tikinti işləri də qrafikə uyğun davam edir.
Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.
"ASCO" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında
Rəylər