İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, artıq zubr balalarının sayı beşə çatıb. İndiyə qədər dünyaya gələn balalardan dördü erkək olsa da, hazırkı bala dişi fərddir. Bu da heyvanların populyasiyasının artımına müsbət töhfə verəcək. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.
Xidmət rəsmisinin sözlərinə görə, İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha beş baş zubr gətirilərək təbiətə buraxılmışdı.
Rəylər