Parisdə bahalaşmaya qarşı keçirilən etiraz yürüşü başa çatdıqdan sonra Millət meydanında ("Place de la Nation") qalan nümayişçilərin polis tərəfindən dağıdılmasına başlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, həmkarlar ittifaqlarının təşkil etdiyi yürüşün son iştirakçıları meydandan keçdikdən sonra ərazinin perimetri boyunca növbə çəkən polis əməkdaşları orada qalan insanları dağılışmağa çağırıblar.
Buna cavab olaraq, nümayişçilərdən bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib və onlara müxtəlif əşyalar atıblar.
Polis buna cavab olaraq səs və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Həmçinin qalxan və dəyənəklərin köməyi ilə insanları tədricən meydanın çıxışına və metro stansiyasına doğru sıxışdırıb.
CGT həmkarlar ittifaqının məlumatına görə, Parisdə keçirilən nümayişdə 350 min nəfərədək, ölkə üzrə aksiyalarda isə ümumilikdə 1.6 milyon insan iştirak edib.
Paris Polis Prefekturası isə paytaxtdakı nümayişçilərin sayını 75-80 min nəfər arasında qiymətləndirib.
Fransanın ali təhsil müəssisələrinin üçdəbiri noyabrın 5-də ölkəni bürüyən etirazlar və ümumxalq tətili səbəbindən fəaliyyətini dayandırıb və ya ciddi məhdudiyyətlər tətbiq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Europe 1" radiostansiyası Fransa Ali Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinin təxminən 33%-nin fəaliyyəti dayandırılıb. Söhbət ölkə üzrə mövcud 184 universitetin təxminən 60-dan gedir.
Öz növbəsində "Union etudiante" tələbə birliyi iddia edir ki, ümumxalq etirazları çərçivəsində universitetlərin 90%-i səfərbər olub. Daha əvvəl birlik Fransadakı 3 700 liseydən 1000-nin fəaliyyətini dayandığını bildirmişdi. Lakin Təhsil Nazirliyi yalnız 81 liseyin "bloklanması"nı təsdiqləyib ki, bu da ümumi sayın 2.2%-ni təşkil edir.
Parisin əsas simvolu olan Eyfel qülləsinin administrasiyası noyabrın 5-də məkanın ziyarətçilər üçün bağlandığını elan edib. Müvafiq bildiriş abidənin rəsmi saytında yerləşdirilib.
Həmçinin Paris küçələrində toqquşmalar davam edir və etirazçılar polisə zibil qutuları ilə də hücum çəkirlər.
Noyabrın 5-də Fransada əməkhaqqının artırılması, iş yerlərinin saxlanması və dövlət xidmətlərinin ixtisarlardan qorunması tələbi ilə etirazların növbəti dalğası başlayıb. Artan etirazlar fonunda paytaxtda 26 metrostansiya bağlanıb, şəhərətrafı qatarların hərəkəti isə əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb ki, bu da milyonlarla parislinin gündəlik həyatını iflic edib.
Həmkarlar ittifaqlarının kütləvi nümayişlərinə hələ sentyabrın sonundan bəri etiraz aksiyaları keçirən tələbələrin və orta məktəb şagirdlərinin assosiasiyaları da qoşulub.
Hakimiyyət qurumlarının qiymətləndirmələrinə görə, ümumilikdə 780 min nəfərə qədər insan bütün ölkə üzrə nümayişlərdə iştirak edə bilər. Həmkarlar ittifaqları son iki ildə fransalıların gəlirlərini əhəmiyyətli dərəcədə azaldan inflyasiya fonunda əməkhaqqının artırılmasını tələb edirlər, eləcə də hökumətin büdcəyə qənaət üzrə əlavə tədbirlər tətbiq etmək planlarını qəti şəkildə rədd edirlər.
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər.
"Bütün Fransada yüz minlərlə insanın nümayişə qoşulması gözlənilir ki, bu da xəstəxana işçilərini, aviadispetçerləri, poçt işçilərini, müəllimləri və dəmiryolu işçilərini təsir altına alacaq", - deyə bildirilib.
Xatırladaq ki, Fransadakı etiraz hərəkatı sentyabrda müəllim çatışmazlığından və həddindən artıq yüklənmiş cədvəllərdən narazı olan tələbələrin etirazları ilə başlayıb. Əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yanacaq qiymətlərinin artmasına etiraz edən həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatının nümayəndələri də etirazlara qoşulublar.