11 
İyl
2022
23:24
69
495
12317
Virtual karabakh

Xaçmazdakı yanğından sonra kəndlər işıqsız qalıb - YENİLƏNİB + FOTO/VİDEO

11 İyl, 2022
23:24
12317

Xaçmazdakı yanğından sonra kəndlər işıqsız qalıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun 20-dən artıq kəndi elektrik enerjisiz qalıb.

"Report"un Şimal bürosu xəbər verir ki, gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektrik enerjisi yoxdur.

Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərdə elektrik enerjisi yoxdur.

Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb.

Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.

23:18

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər, qüvvələrin koordinasiyalı və effektiv tətbiqi sayəsində nəzarətə götürmək mümkün olub.

FHN-dən daxil olan məlumata görə, hazırda ətraf ərazilər, o cümlədən ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Həmçinin, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın nəzarətə götürülüb və hazırda soyutma tədbirləri görülür.

Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

21:26

Xaçmazda meşə yanğını məhdudlaşdırılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, meşə massivində baş verən yanğın məhdudlaşdırılıb və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

19:53

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. 

Hazırda yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. 

Əlavə məlumat veriləcək.

19:18

Xaçmazdakı yanğın səbəbindən bağlanan yol açılıb. 

"Report"un Şimal bürosu xəbər verirki, avtomobillərin Xaçmaz-Xudat və əks istiqamətdə gediş-gəlişi bərpa olunub.

Qeyd edək ki, Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğınla bağlı Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

18:40

Xaçmaz rayonunda yanğın baş verən ərazidəki mülki şəxslər təxliyə edilib və bütün mülki obyektlər yanğından mühafizə edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri FHN-nin Şimal Regional Mərkəzin baş zabiti Ramil Güliyev bildirib. 

O, qeyd edib ki, hazırda yanğının söndürmə işləri davam etdirilir.

Yanğın olan əraziyə FHN-nin Şimal Regional Mərkəzinin, Xaçmaz rayon İcra Hakimiyyətnin və Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti və canlı qüvvələri cəlb olunub. 

Əlavə məlumat veriləcək.

18:04

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

16:45

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir. 

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunublar.

15:16

Xaçmazda meşə massivində yanğın başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb. Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri