Avq
2022
14:16
30
246
5882
Virtual karabakh

Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”

9 Avq, 2022
14:16
5882

Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay mövsümündə tez-tez rastlaşılan problemlərdən biri də rayonlara istirahətə gedən vətəndaşların dələduzluq qurbanı olmasıdır. Belə hadisələrdən biri də Xaçmaz rayonunda qeydə alınıb.

Bu barədə Oxu.Az-a şikayət daxil olub. Şikayətçi Şəhnam Şərbətov saytımıza açıqlamasında “Oberlux Nabran” adlı hoteldə üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hotel rəhbərliyi ailədən dördgünlük ödənişi əvvəlcədən almasına baxmayaraq, onları tələb etdikləri qaydada bir otağa yerləşdirməyib. Bunu görən ailə pulunu geri alıb hoteli tərk etmək istədikdə isə rəhbərlik ödənişi qaytarmaqdan boyun qaçırıb:

“Dünən axşam saat 6-da hotelə daxil olmuşuq. Dərhal bizdən 180 manat ilkin ödəniş istənilib. Ödənişi etdiyimiz zaman bizə belə bir şərt irəli sürdülər ki, hoteli bəyənməsək, imtina edə bilərik, ancaq ilkin ödəniş qaytarılmayacaq. Razılaşdıq, bir az ətrafı gəzdikdən sonra hotelə qayıtdıq, otağa çıxmaq istəyəndə bu dəfə dörd gecənin pulunun birdəfəlik ödənilməsi tələb olundu. Onu da ödədik, düşündük ki, hotel elə şəkildəki kimidir. Amma otağa qalxdıqda gördük ki, şəkildəkindən tamamilə fərqlidir və ailəmizə uyğun deyil. Otaq dörd yox, üç nəfərlikdir. Üstəlik biz diskotekanın yanında olmasını istəmədiyimiz halda, bizə düz onun yanında otaq ayırıblar. Dörd dəfə zəng edib otağa yerləşə bilmədiyimizi, balaca olduğunu bildirdik. Bizə yataq gətirəcəklərini dedilər. Bir də qapını açıb görürük ki, yatağı qapıya atıb gediblər, nə yastıq var, nə örtük, neçə saat sonra təkrar narazılığımızı görüb deşik-deşik örtük gətirdilər”.

Həmsöhbətimiz namaz qılmaq üçün uyğun yerin olmadığını, buna görə də narahatlıq yaşadıqlarını dilə gətirib:

“Namaz qılanam, amma hoteldə namaz qılmaq üçün heç bir avadanlıq yoxdur. Dörd dəfə zəng edib, dörd dəfə də gedib istədiyim halda, mənə canamaz vermədilər, axırda camaşırxanadan dəsmal götürdüm. Biz bütün problemləri onlara deyib hoteldən ayrılmaq istədiyimizi bildirdik və heç olmasa, iki günün pulunu qaytarmalarını istədik. Razı olmadılar. “Gedin, kimə şikayət edirsiniz, edin. Pulu qaytarmırıq”, - dedilər. Halbuki biz heç nədən istifadə etməmişdik. Bizə “Çıxın gedin də”, - deyirlər. Axı pul ödəmişik, necə gedək? Nə qalmağa, nə də getməyə normal şərait yaradırlar. Məcbur burada qalmışıq”.

Məsələ ilə bağlı “Oberlux Nabran”ın meneceri ilə əlaqə saxlasaq da, bu barədə heç bir açıqlama verilməyəcəyi qeyd edildi:

“Hotelin qaydalarına uyğun olaraq, üçüncü şəxsə məlumat verə bilmərik. Müştəriylə bizim aramızda olub. Müştəri bizdən şikayətçidir, lap yaxşı. Biz bu barədə danışmayacağıq”.

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsindən Oxu.Az-a bildirildi ki, zərərçəkənlər ərizə ilə bölməyə müraciət etməlidirlər:

“Ondan sonra araşdırma başlada bilərik”.

Hüquqşünas Əsabəli Mustafayev isə Oxu.Az-a açıqlamasında vətəndaşların birbaşa məhkəməyə müraciət etməli olduqlarını vurğulayıb:

“Göstərilməmiş xidmətə görə əvvəlcədən pul alınması qanunsuzdur, heç yerdə belə bir şey tətbiq oluna bilməz. Həmin şəxslər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hoteldən şikayət etsinlər. Həmçinin birbaşa hotelin yerləşdiyi ərazidəki məhkəməyə də müraciət edə bilərlər. Belə olan halda, həm ödədikləri pulu, həm də mənəvi zərərə görə kompensasiya ala bilərlər. Buna tam hüquqları çatır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri