16 
Avq
2022
18:33
94
444
7879
Virtual karabakh

Şabranda yanğınların söndürülməsinə amfibiya təyyarəsi, 2 helikopter cəlb olunub - YENİLƏNİB + FOTO/VİDEO

16 Avq, 2022
18:33
7879

Şabranda yanğınların söndürülməsinə amfibiya təyyarəsi, 2 helikopter cəlb olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

17:03

Ötən gündən başlayaraq Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı beş nəfər xəsarət alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlardan ikisi yanğın baş verən kəndlərin sakinləri olub. Yanıq xəsarətləri alan kənd sakinləri Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 3 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Onları hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

16:28

“Yanan evdən təxliyə olunanlar qohumlarının evinə göndəriliblər”.

Bunu bağlı Oxu.Az-a Şabran Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib, həmin ərazidə yerləşən evlərdən birinin müəyyən hissəsi yanıb:

“İnsanlar hələlik həmin ərazidən təxliyə olunub. Qonşu rayonlara göndərilib. Bütünlükdə xilasetmə qüvvələri evi qorumağı bacarıblar. Hazırda yanğın söndürülməyib. Hələ də davam edir. Güclü külək yanğını söndürməkdə çətinlik yaradır. Lakin yanğının digər evlərə keçməsinin qarşısı alınıb”.

14:28

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda rayonun Zöhramı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. 

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermiş yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. 

14:19

Şabranın Zöhramı kəndində alov artıq evlərə keçib.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Şabran İH başçısının müavini İlkin Ağayev bildirib ki, alovun evlərə keçməsinin qarşısını almaq üçün tədbirlər görülsə də, yanğın nəticəsində bir ev yanıb.

Onun sözlərinə görə, alovun digər evlərə keçməsinin qarşısı alınır.  

FHN-in 10-dan artıq yanğınsöndürən avtomobili və 1 helikopteri alovun söndürülməsinə cəlb olunub. 

İlkin Ağayevin sözlərinə görə, Zöhramı kəndindən insanlar köçürülür.

13:15

Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri