11 
Yan
2023
23:47
38
575
11427
Virtual karabakh

Abşerondakı güclü yanğından zərərçəkən: “Evdə heç bir salamat əşyamız qalmayıb” - YENİLƏNİB + FOTO/VİDEO

11 Yan, 2023
23:47
11427

Abşerondakı güclü yanğından zərərçəkən: “Evdə heç bir salamat əşyamız qalmayıb” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Evdə heç bir salamat əşyamız qalmayıb”.

Bu sözləri Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğından zərərçəkmiş şəxs bildirib.

Sakinlər yanğının ardından mənzillərinin yararsız halda olduğunu və acınacaqlı vəziyyətdə qaldıqlarını qeyd ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

17:15

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750 kvadratmetr olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230 kvadratmetr sahədə, ümumi sahəsi 830 kvadratmetr olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600 kvadratmetr sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

13:45

Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının geniş sahəyə yayılmasına imkan verilməyib. 

FHN-in qüvvələri yanğın zamanı bina sakinlərinin təxliyəsini həyata keçiriblər. Həmçinin, binanın birinci mərtəbəsində yerləşən mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.

13:01

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasının dam örtüyündə başlayan yanğınla bağlı məlumat verib. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının söndürülməsinə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub:

“Hazırda yanğın tam lokallaşdırılıb. Yanğın binanın dam örtüyündə başlayıb və şaxtadan keçən kabellər vasitəsilə yayılaraq, birinci mərtəbədə yerləşən ticarət mərkəzinin anbarına daxil olub. Dam örtüyünün təxminən 600 kvadratmetri yanıb. Hazırda anbarda yanğının söndürülməsi işləri aparılır”.

O qeyd edib ki, sakinlər təxliyə olunub, vətəndaşlar arasında xəsarət alan yoxdur:

“Yanğının baş vermə səbəbi araşdırılır. İlkin versiyada elektrik xəttindən başlandığı bildirilir. Dam örtüyündəki yanğını söndürən zaman yeddinci mərtəbədə olan iki mənzilə su ziyan vurub”.

PhotoStock.az yanğından görüntülər lentə alıb:

Daha çox foto burada: PhotoStock.az

12:41

“Yanğın iki saata yaxındır davam edib. Yanğın binadakı şaxtada başlayıb, dam örtüyünə və birinci mərtəbədə olan obyektə keçib”. 

FHN əməkdaşlarının Baku TV-nin hadisə yerində olan müxbirinə şifahi verdiyi məlumata görə, söndürülmənin uzanmasına səbəb yanğının miqyasının böyük olmasıdır. Küləkli hava şəraiti də yanğının söndürülməsinə mane olub. 

Binada 42 mənzil var. Sakinlər təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur. 

Binanın sakini Pərviz İmanov bildirib ki, ilkin məlumata görə, binanın beşinci mərtəbəsindəki elektrik şəbəkəsində baş verən nasazlıq yanğına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, qurum tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Yanğınla mübarizə tədbirlərinə nazirliyin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

10:57

Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri