Fəaliyyətinin iki əsrini geridə qoyan “Azərpoçt”a yollanarkən ağlımda cavabsız suallar sıraya düzülür.
Bunlar arasında müsahiblərimə ünvanlayacağım suallarla yanaşı, zaman-zaman fikrimdən epizodik olaraq keçənlər də var. “Novruzəli xanın məktubunu “Poçt qutusu”na aparmasaydı, nə olardı?”, “Bəs o, poçtalyonu döyməsəydi?”, “Övladlarını “uşaqların anasına” əmanət edən Qurbanın məktubu yetişsəydi, nə dəyişərdi?”, “Qulamrza Qurbanın son dəfə göndərdiyi 15 manatı onun balalarına çatdırdımı?..”
Ədəbiyyatdan borc aldığım, cavabını heç vaxt öyrənməyəcəyim suallarla ünvana çatıram.
Qeyd edək ki, Azərbaycanda ilk poçt kontoru 1818-ci il iyunun 1-də Gəncədə yaradılıb. Daha sonra Quba, Naxçıvan, Şuşa, Şamaxı, Lənkəran, Şəki və Salyanda da poçt xidmətləri fəaliyyətə başlayıb. 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.
1918-ci il, oktyabrın 6-da isə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən dörd ay sonra Poçt və Teleqraf Nazirliyi yaranıb.
SSRİ-nin dağılması və Azərbaycanın yenidən müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında yeni mərhələ yaranıb.
Milli poçt operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Hazırda “Azərpoçt” MMC-nin tərkibi 54 rayon poçt filialı, 68 filial, üç törəmə müəssisə, o cümlədən Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi və Mərkəzi Xüsusi Rabitə İdarəsindən ibarətdir. Poçt filiallarının tabeliyində 1 200-ə qədər poçt şöbəsi xidmət göstərir.
Oxu.Az-ın əməkdaşları bu dəfə 205 yaşlı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də olublar.
Bura sanki səni uzaqda yaşayan qohumla, dostla yaxınlaşdırır. İnsanlar ölkəmizin nemətlərindən bağlama edib, doğmalarına göndərirlər.
“Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq Fatehin sözlərinə görə, bağlamalar Poçt Daşıma Şöbəsində çeşidlənir:
“Həmin vaxt müştəriyə mesaj gedir ki, sizə bağlama var və filan saylı şöbəyə yaxınlaşın. Biz də bağlamaları həmin şöbəyə göndəririk”.
O qeyd edir ki, hazırda Bakı şəhərində 203 ədəd, paytaxtdan kənarda isə 1 759 ədəd poçt qutusu mövcuddur:
“Ay ərzində göndərilən məktubların təxminən 70 faizi hüquqi şəxslərin, 30 faizi isə fiziki şəxslərin payına düşürsə, teleqram göndərişində bu göstəricilərin nisbəti tam dəyişir, yəni teleqramların 30 faizi hüquqi şəxslər tərəfindən, 70 faizi isə fiziki şəxslər tərəfindən göndərilir.
A.Fateh bəzi narazılıqlara da aydınlıq gətirir:
“2023-cü ildə Azərbaycan poçtu üçün qabaqcıl təşəbbüslərdən biri həyata keçəcək. Vətəndaşlar bəzən bildirirdilər ki, niyə nağdsız ödəniş yoxdur, yaxud xırda pulları qalır, qaytarılmır. Əvvəllər ödəniş yalnız ya “Mastercard” vasitəsilə, ya da nağd yolla mümkün idi. Lakin biz artıq “VISA” beynəlxalq ödəniş sisteminə qoşulmuşuq və yaxın gələcəkdə artıq bütün poçt xidmətlərinə görə nağdsız ödənişlər POS-terminallara tələbat olan bütün yerlərdə mümkün olacaq ki, bu da öz növbəsində şəffaflığı təmin edəcək”.
Əgər məktub ünvana çatmırsa, bir aydan sonra üzərində blank doldurulur, səbəb göstərilir və geri qaytarılır.
“Azərpoçt”da 2017-ci ildə “Şəbəkə” xidmət mərkəzləri istifadəyə verilib. Mərkəzlərdə nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib.
Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan altısı Bakıda, digər dördü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Mərkəzi poçt şöbəsinin şəbəkə müdiri Gövhər Qurbanova deyir ki, 25 ildir burada çalışır:
“Ay ərzində şəbəkəmizə 4 000-ə yaxın bağlama daxil olur. Kiçik paketlərin çəkisi iki, böyük bağlamaların isə 30 kiloqrama yaxın olur. Poçt göndərişlərinin saxlanma müddəti bir aydır. Amma müştəri ərizə yazırsa, iki ay da saxlamaq mümkündür. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Vətəndaşlara fasiləsiz olaraq həftəiçi hər gün, eyni zamanda, şənbə, bazar və bayram günləri də xidmət göstərilir. “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır”.
İnformasiya texnologiyaları sürətlə inkişaf etsə də, burada bağlamalarla yanaşı, hələ də məktub göndərənlər var.
Şəbəkə müdiri deyir ki, rəsmidən başqa, şəxsi məktublar da göndərilir:
“Azərpoçt” vasitəsilə hər kəs istədiyi əşyanı göndərə bilməz. Tezalışan maddələr - spirt, ətir və sair əşyalar təhlükəli bağlama sayılır. Eyni zamanda, xarab olan məhsulları göndərmək istəyən olur. Biz başa salırıq ki, onları göndərmək mümkün deyil. Bir dəfə biri Moskvaya it göndərmək istəyirdi (gülür)”.
Göndərilən bağlamaların rüsumu onun çəkisindən asılıdır. Əməliyyatçı məhsulu qəbul edir, tərəzidə çəkir və üzərində qeyd aparır.
G.Qurbanova deyir ki, bütün növ yüklər daşınır:
“Amma son zamanlar geyim çoxluq təşkil edir. Daşınma bütün ölkələrə var. Daha çox Almaniya, ABŞ, Rusiya və digər ölkələrə göndərmə olur”.
Əməliyyatçı Xəyalə Məmmədova deyir ki, hər gün təxminən 500-ə yaxın məktub göndərirlər:
“Artıq beş ildir ki, burada çalışıram. Biz hər gün hər cür ruh halında olan insanlarla rastlaşırıq. Buna baxmayaq, işimiz vətəndaşlara tez bir zamanda xidmət göstərməkdir”.
İndi məktubları “Azərpoçt”da da saxlaya bilərsiniz.
Bunun üçün mərkəzdəki abunə qutusunu icarəyə götürməlisiniz.
Əgər evinizin girişində məktub qutusu yoxdursa, adınıza gələn məktubları, abunə olduğunuz jurnal və qəzetləri burada saxlaya bilərsiniz. Bunun üçün illik 30 manat ödəniş etməklə abunə qutusunu icarəyə götürürsünüz.
Qutunun açarı sizdə olur və istədiyiniz vaxt gəlib, gələn bağlamanı götürə bilərsiniz.
Mərkəzdə hazırda 70 abunə qutusu var. Ondan 55-i artıq icarəyə götürülüb.
Texnologiyaların inkişafı hər nə qədər həyatın romantikasını aparsa da, burada olanda, hələ də məktubların göndərildiyini əyani olaraq görəndə düşünürsən ki, dünənlə bağlar qopmur.
O, hər məktubla, hər gələn məktubun intizarı ilə öz gücünü qoruyur. Elə bu düşüncələrlə qəhrəmanlarımızı iş başında qoyub redaksiyanın yolunu tuturuq...
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər