Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda yanğınsöndürənlərin hərəkətini məhdudlaşdıran maneələr sökülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən halların aşkar edilib aradan qaldırılması üçün reydləri davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsi üçün bina və qurğulara sərbəst yanaşmanın, o cümlədən xüsusi təyinatlı yanğın-xilasetmə texnikalarının çevik döyüş açılışı üçün müvafiq şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması halları aşkar olunur ki, bunlar da yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaratmaqla əməliyyatların çevik və effektli aparılmasında çətinlik yarada bilər.
Qeyd olunan faktların aşkar edib aradan qaldırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov və Binəqədi rayonlarında reydlər keçirib. Reydlər zamanı görülən tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Nazirliyin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı yanğın-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıblar ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.
Rəylər