Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Torpağa düşən buğda dənəsinin süfrəmizə uzanan yolu: Bərəkətli toxum necə “doğulur”? - FOTO + REPORTAJ
Sağlam toxum emalı bitki sortlarının qorunmasının əsasını təşkil edir. Bunun sayəsində bitkilərin müəyyən müddətdən bir məhsuldarlığının azalmasının qarşısı alınır.
Təbii ki, dənli bitkilərin toxumlarının müəssisələrdə təmizlənərək sahələrə səpilməsi onun məhsuldarlığını artırır. Məhsuldarlığı aşağı salan, onun qida dəyərini azaldan sürmə, vələmir kimi komponentlər arpa, buğdadan ayrılır.
Hazırda ölkədə biçin müddəti olduğu üçün Oxu.Az-ın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondunun tabeliyindəki Qobustan rayonunda dənli bitki toxumlarının emalı müəssisəsində olublar.
Əvvəllər bir neçə tondan artıq taxılın təmizlənməsi üçün günlər tələb olunurdu. Artıq fermerlərin bu çətinliyi aradan qalxıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondunun tabeliyindəki Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri mövsümə tam hazır vəziyyətə gətirilib, müəssisələrin operativ və fasiləsiz fəaliyyəti üçün müvafiq tapşırıqlar verilib.
Fermerlər biçin sahəsindən məhsulu gətirən zaman ilk olaraq yük maşını tərəziyə çıxarılır.
Monitorda çəki göstərildikdən sonra bunkerdə dənli bitkinin nəmliyi ölçülür. Əgər nəmlik 14 faizə kimidirsə, məhsul bunkerə tökülür.
Zavodun direktoru Qoşqar Qarayev deyir ki, dənli bitkilərin nəmliyi standarta uyğundursa, zavod emal üçün onu qəbul edir:
“Fermer var ki, məhsulu vaxtından tez biçir və nəmlik yüksək olur. Biz onu qəbul etmirik. Zavodumuzda yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçirilir. Toxum emalı zavodlarında kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmətlər növbəlilik prinsipi ilə həyata keçirilir”.
Toxumların emalı prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri təmizlənir.
Daha sonra xırda saman çöpləri və vələmir, xırda buğdalar, buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə aparılır.
Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Toxum emalı zavodlarının əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirmələridir.
Direktor deyir ki, məhsulun emalı onun baxımından asılıdır:
“Əgər fermer toxumu əkəndən sonra gübrələrdən istifadə etməyibsə, alaq otları təmizlənməyibsə, təbii ki, emal zəif olacaq”.
Zavodun emal gücü saatda beş tondur. Zavodlarda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər ənənəvi qurğulardan fərqli olaraq, 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır.
Q.Qarayev bildirib ki, Qobustan ən quraqlıq olan bölgədir:
“Burada yetişən toxum ölkənin hər yanında effekt verir. Çünki torpaq qurudur. Şamaxı və digər dağətəyi rayonlar isə rütubətlə təmin olunmuş torpaqlardır”.
Direktor bazarda keyfiyyətsiz toxumların olması iddiasına da cavab verib.
O qeyd edib ki, bazarda keyfiyyətsiz toxumlar da var. Amma məhsulun az olması tək onunla bağlı deyil:
“Fermer toxumu sahəyə səpdikdən sonra qulluq etməyibsə, ondan nə məhsul olacaq ki? Azərbaycana Avropadan, Rusiyadan gətirilən toxumlar var. Qobustanın aran hissəsində yerli buğdanın ləyaqətli, arpanın isə dəyanətli sortları, dağlıq hissəsində isə Rusiyadan gətirilən sortlar effektlidir”.
İyunun 25-dən ölkədə biçin daha çox olacaq və proses avqustun 10-na kimi davam edəcək.
Müəssisədə gün ərzində emal prosesi fermerin gətirdiyi məhsuldan asılıdır. Mal keyfiyyətlidirsə, 35-40 ton emal edilir.
Öyrənirik ki, məhsuldarlığın yüksək olması üçün fermerlər növbəli əkin sisteminə keçsələr, yaxşıdır. Belə ki, noxud, qarğıdalı əkib, növbəti il onun yerinə taxıl, buğda əkilsə, daha çox məhsul alınacaq.
Sağlam qida, xüsusən əhalinin qidalanmasında önəmli yer tutan taxıl məhsullarının keyfiyyətinin yüksəldilməsi böyük əhəmiyyət daşıyır. Çörəyin süfrəyə gəlməsinədək uzanan yol məhz buradan başlayır. Yüksəkkeyfiyyətli toxumlar övladlarımıza ürək rahatlığı ilə verə biləcəyimiz qidanın təminatıdır. Bu, həm də sağlam genefond deməkdir. Sağlam genefond isə ölkənin, əhalinin sağlam gələcəyidir.
Reportajımın sonuna doğru hansısa əsərdən ağlımda ilişib qalan cümləni xatırlayıram: “Torpağa düşən bir buğda dənəsi yox olmasa, bir buğda dənəsi olaraq qalar, amma yox olsa, bərəkətli məhsul doğular”. Bura məhz bərəkətli məhsulun doğulduğu buğdaların emal yeridir...
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
- Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi
Rəylər