"Təkcə bitkiləri və xəstəlikləri tanımaq yetmir. Gərək hansı bitkilərin hansı xəstəliklərin müalicəsində yararlı olduğunu, hansı bitkilərin digər dərmanlar və eləcə də bitkilərlə eyni zamanda istifadəsinin zərərli olduğunu, xəstənin yanaşı xəstəliklərini də biləsən".
Bu sözləri Oxu.Az-a müsahibəsində fitoterapevt Elnur Eldaroğlu bildirib. Onunla müsahibəni təqdim edirik:
- Fitoterapiya nədir? Onun müalicə üsulları hansılardır?
- Fito - bitki, terapiya - müalicə deməkdir. Yəni fitoterapiya dərman bitkiləri ilə müalicə elmidir. Qeyd etmək istərdim ki, dərman bitkiləri ilə müalicənin tarixi eramızdan əvvələ dayanır və o uzun bir inkişaf yolu keçib. Lakin mənə elə gəlir ki, son səkkiz-doqquz ildə daha modern fitoterapiya səviyyəsinə gəlib çatıb. Əvvəllər buna, əsasən, Şərqdə maraq olsa da, son dövrlərdə Qərbdə də böyük diqqət yaranıb. Məsələn, Qərbdə tibb üzrə ali məktəblərdə fitoterapiyanın - tamamlayıcı tibbin - kafedrası açılıb ki, tədris olunsun və eyni zamanda, dəqiq araşdırılsın. Hansı bitkilərin hansı dozada və necə qəbul olunacağı öyrənilsin.
Fitoterapiya çox geniş bir elmdir. Onun özünün də qolları var. Bitkilərin efir yağları ilə müalicə aromaterapiyadır. Bitki tərkibli kosmetik vasitələrlə müalicə fitokosmetikadır. Təbii botoks effekti verəcək dərman bitkiləri, dəridə səpgiləri aparan bitkilər var və s. Apifitoterapiya isə arı və arı məhsulları ilə müalicədir. Əslində, bildiyimiz ənənəvi tibbin mexanizmi ilə fitoterapiya bir-birini tamamlamalıdır. Ukraynalı bir fitoterapevtin çox maraqlı sözü vardı. O deyirdi ki, tibb çay kimi axır. Onun sağ tərəfində alternativ tibb (mən deyərdim, inteqrativ tibb), sol tərəfində bildiyimiz modern tibb var. Və bunlar birləşmir. Çay isə axıb gedir.
Qeyd etməliyəm ki, təkcə bitkiləri və xəstəlikləri tanımaq yetmir. Gərək hansı bitkilərin hansı xəstəliklərdə müalicə üçün yararlı olduğunu, hansı bitkilərin digər dərmanlar və eləcə də bitkilərlə eyni zamanda istifadəsinin zərərli olduğunu, xəstənin yanaşı xəstəliklərini də biləsən. Məsələn, Azərbaycanın çox dəyərli bir bitkisi var - biyan kökü. Ona "Azərbaycanın jenşeni" deyirlər. Çox xeyirli bitkidir, keyfiyyəti də çox yüksəkdir. Amma normadan çox qəbul edilərsə, təzyiqi qaldırır. Bundan başqa, biyan kökü hormonal dərmanlar kimi effekt verir. O, böyrəküstü vəzi üzərindən təsir göstərir. Ondan istifadə edəndə son dərəcə diqqətli olmaq lazımdır. Bağırsaqda dəyişikliklər hesabına dəridə yaranan səpgiləri də biyan kökü ilə müalicə etmək olar. Bronxial astmada da biyan kökü çox gözəl effekt verir. Bronx yollarında darlıq yaranır, biyanın isə bronx yollarını genişləndirmək kimi xüsusiyyəti var. Nəfəs darlığını açır, bəlğəmin xaric olmasına yardımçı olur. Amma bunlardan yola çıxıb ondan kortəbii istifadə etmək də olmaz. Çünki o, həm də tonuslandırıcı bitkidir. Məsələn, hamiləliyin son aylarında istifadə etmək məsləhət deyil.
- Son zamanlarda xanımlar arıqlamaq üçün kətan və çia toxumu dəmləməsi qəbul edirlər. Bu nə qədər doğrudur?
- Arıqlamaq məqsədilə kətan toxumundan 25 qram, çia toxumundan isə 40 qramı aşmamaq şərtilə, gündə bir stəkan dəmləyib içmək olar. Onlar alfa lipoik turşuları, omeqa ilə zəngindir. Çia və kətan, əslində, arıqlamaq üçün istifadə olunan bitkilər deyil. Kətan toxumu həzmi yaxşılaşdırır deyə orqanizmə rahatlıq gətirir, çəkini azalda bilir. Çia toxumu isə minerallarla zəngin olduğu üçün toxluq hissi yaradır. Nəticədə insan daha az yeyir, bağırsağı da yaxşı işləyir deyə çəki itirir. Amma yenə də deyirəm, dozanı aşmaq olmaz. Bəzən düşünürlər ki, iki dəfə daha artıq içsələr, daha sürətlə arıqlayarlar. Ay ərzində dörd-yeddi kiloqramdan çox arıqlamaq doğru deyil. İnsan o çəkini birdən-birə yığmayıb ki, birdən-birə də atsın. Olmaz elə. Bu, orqanizm, xüsusən də, öd kisəsi və bağırsaqlar üçün kifayət qədər böyük problem yarada bilər. Səbirli olub, yavaş-yavaş çəki atmaq lazımdır.
- Virusların, onlarla yanaşı, qızdırmanın da çox yayıldığı bir dövrdə təbii yollarla özünü necə qorumaq, necə tez sağalmaq olar?
- Soyuqlama və az qızdırma zamanı cökə dəmləməsindən yaxşı heç nə ola bilməz. Apteklərdə satılan birdəfəlik istifadə üçün tozlar var. Onlarla eyni, hətta ondan da yaxşı effekt verir. Ən əsası isə təbiidir. Bu dəmləmədən hamilə xanımlar da rahatca istifadə edə bilər. Gəlin soyuqlama əleyhinə yaxşı bir resept deyim. Cökə, biyan, çörəkotu dəmlənir, cökə balı qatılır və içilir. Bunu da qeyd edim ki, süzmə ballar içində ən yaxşısı, orqanizmə ən yaxşı sovrulanı cökə balıdır. Bal demişkən, onu gün ərzində 45-60 qrama qədər (çəkiyə görə dəyişir) istifadə etmək olar. Kimsə hər səhər bal yeyirsə, buna qarşı deyiləm. Əsas odur ki, yedikləri təmiz bal olsun.
Soyuqlamanın ilk əlamətlərində andız da yaxşı təsir göstərir. Andızı yandırıb qoxulayan zaman burun nahiyəsini tamam bürüyür, "giriş qapıları"nda mikrobları əhatəyə alır və içəri keçməyə imkan vermir, məhv edir. Amma əgər xəstəliyin başlanğıcından artıq bir neçə gün keçibsə, xeyri olmayacaq. O, ancaq xəstəliyin ilkin mərhələsində effekt verir. Ümumiyyətlə isə andız, demək olar ki, əks-təsiri olmayan bitkidir. Bronx yolları xəstəliklərindən tutmuş, bağırsaq, prostat və ginekoloji xəstəliklərə qədər geniş istifadə olunur.
- Azərbaycanda kəklikotu dəmləməsi ən məşhur isti içkilərdəndir. Onun qan təzyiqinə təsiri ilə bağlı da müxtəlif fikirlər var. Həmçinin, mixəkli çayı da xalq olaraq çox sevirik.
- Kəklikotu dəmləməsinin hansı temperaturda içilməsindən çox şey asılıdır. Baxın, əgər siz çayı soyuq (yəni bir qədər ilıq) içsəniz, təzyiqiniz qalxacaq, yox, əgər isti içsəniz, düşəcək. Yəni kəklikotu çayı lap qaynar da yox, soyuq da yox, bir qədər orta temperaturda içilməlidir. O ki qaldı mixəkli çaya... Mixək büzüşdürücü effektə malikdir, həzmi gecikdirir. Görürsən ki, yeməkdən sonra mixəkli çay dəmləyib içirlər. Niyə? Olmaz axı. Həmçinin də darçın. Darçını da yeməkdən sonra yox, əvvəl içmək məsləhətdir. Yeməkdən sonra həzm yaxşı getsin deyə cirə, razyana, keşniş toxumu dəmləyib içsələr, yaxşıdır. Bu dəmləmə həzmə kömək edir. Yeri gəlmişkən, bunu da qeyd edim. Baxırsan ki, kəklikotu, darçın, nanə və s. qarışdırıb çay dəmləyirlər. Ola bilər ki, ətri, dadı xoşlarına gəlir. Amma bunları bir yerdə içmək olarmı? Orqanizmdə hansı proses gedir, bilirlərmi? Günün hansı saatında içirlər? Bunların hamısı şərtdir.
- Zəncəfil bitkisi də geniş istifadə olunur. Həmçinin, qara zirəyə (çörəkotu) da "ölümdən başqa bütün dərdlərin dərmanıdır" deyirlər. Onlarla bağlı hansı məsləhətləriniz var?
- Zəncəfil dünyanın ən gözəl, ən xeyirli bitkilərindəndir. Amma onu hamı, nə qədər istədi içə bilərmi? Əlbəttə ki, yox. Onun gündəlik dozası 20 qramdır. Koronavirus dövründə ondan sui-istifadə olundu. Nəticədə isə insanlar mədə xorası, qastrit, başqa-başqa xəstəliklər qazandılar. Sarımsaq da onun kimi. Onun da gündəlik istifadə olunma dozası var. Çünki dərman bitkisidir. Çində, Yaponiyada ondan dərman hazırlayırlar. Necə ki dərman həkim təyin edilən dozada içilir, sarımsağın qəbulu da elə olmalıdır.
Qara zirə olduqca xeyirli bitkidir. Doğrudan da, min bir dərdin dərmandır. Amma onu da kortəbii qəbul etmək olmaz. O, dərman bitkisidir. Araşdırılmalıdır ki, orqanizmdə hansı proseslər gedir. Məsələn, qanama prosesi, aktiv mədə xorası, onikibarmaq bağırsaq xorası zamanı olmaz. O, qanamanı artıra bilər.
- Öskürək zamanı müxtəlif bitki dəmləmələri qəbul edirlər. Ən məşhuru da gülxətmidir.
- Bəli, öskürək zamanı bir çox bitkilərdən geniş istifadə olunur. Amma onların xüsusiyyətlərini mütləq bilmək vacibdir. Həmçinin, öskürəyin də axı müxtəlif növləri var. Məsələn, quru öskürək zamanı adaçayı, bəlğəmli öskürəkdə biyan kökü, gülxətmi, amma allergik öskürəkdə bənövşə bitkisi, keçibuynuzu dəmləməsi effektlidir. Bu xüsusiyyətləri bilmədən kimsə eşidir ki, öskürək zamanı gülxətmi xeyirdir, dəmləyir, içir. Amma xeyrini görmür. Düşünür ki, bitkilərin heç bir köməyi yoxdur. Onda quru öskürəkdirsə, gülxətmi ona təsir etməyəcək. Dediyim odur ki, düzgün seçim etmək lazımdır.
- Kollagen nədir? Niyə biz onu qəbul etməliyik?
- Kollagen insan orqanizminin "betonu"dur. Onun hesabına insan ayaqda qalır. Lakin kollagen zaman-zaman itə bilir. İtməməsi üçün orqanizmimizi onunla təmin etməliyik. Mən kollageni qida kimi qəbul etməyin tərəfindəyəm. İtburnu, küncüt, çia toxumu, sarıkök qəbul etməyi məsləhət görürəm. Bunlar bizim "beton"umuzu möhkəmləndirir. Bunlarla yanaşı, xaş, yumurta qabığı (qurudub, döyüb istifadə etmək), ilikli sümüklü bulyonda hazırlanan yeməklər və s. çox xeyirlidir. İndi insanlar sümüklü ət almırlar. Baxırsan ki, tikə ətə üstünlük verirlər. Amma o, çox xeyirdir. Unutmaq olmaz ki, bütün bu sadaladıqlarımı profilaktik olaraq qəbul edəndə effekt verir. Yəni gözləməməliyik ki, bədənimiz kollagenini itirsin, sonra bərpa edək. Onu elə əvvəldən saxlamaq lazımdır. Sintetik yolla əldə etməyi tövsiyə etmirəm. Məsələn, kimsə kollagen qəbul edir, amma bağırsağından xəbəri yoxdur. Mədə-bağırsaq sistemi düzgün işləməyən adama dünyanın ən gözəl dərmanını versən də, xeyri olmayacaq. İnsanın beyni və bağırsağı yüzlərlə xəstəliyin yaranmasına səbəb olur. Ona görə müalicəni birinci oradan başlamaq lazımdır. Yuxarıda yumurta qabığı dedim. Aptekdə oynaq ağrıları üçün altı-yeddi dərman seçin, tərkibinə baxın. Hamısının tərkibi, əsasən, yumurta qabığı zarından ibarətdir.
- Sarıkökü qeyd etdiniz. Bildiyim qədərilə, o da bir çox xəstəliklərin dərmanıdır.
- Sarıkök çox istifadə olunmalıdır. Təəssüf ki, biz onu az və düzgün qəbul etmirik. Onu daha çox bişiririk. Çox bişirməsək, daha yaxşı effekt ala bilərik. Bu gün sarıkök ekstraktından dünya dərman hazırlayır. Bağırsaq, süd vəzisi xərçəngi kimi xəstəliklərdə ondan geniş istifadə olunur. Sarıkök, zəncəfil, zəfəran antioksidantlardır. Biz zərərli maddələri illər boyu qidadan, havadan toplayırıq. O maddələrin hesabına bədənimizdə sərbəst radikallar yığılır. Tez qocalırıq, bədənimizin quruluşu dəyişir, dərimiz sallanır, halsız, yorğun oluruq, yuxu sistemimiz pozulur. Niyə? Çünki bədənimizdə yığılan sərbəst radikallar çıxmağa yol tapmır. Onlara çıxmağa kömək etmək lazımdır. Bundan ötrü bitkilərdən istifadə etməliyik. Ancaq qeyd etdiyim kimi, düzgün qaydada, yəni yaşımıza, çəkimizə uyğun qəbul etməliyik.
- Müxtəlif səbəblərdən qan təzyiqindən əziyyət çəkən insanların sayı çoxalıb.
- Melissa və lavanda - hərəsindən bir qaşıq dəmləyib hər səhər içmək təzyiqi normallaşdırır. Amma bir məqam çox vacibdir. Təzyiqin yaranma səbəbi mütləq aşkarlanmalıdır. Bəzən bu, böyrək, bəzən bağırsaq və s. problemlərdən yaranır. O zaman təzyiqi, sadəcə, normallaşdırmaq yetməyəcək. Təzyiqi yaradan səbəbi aradan qaldırmağa ehtiyac olacaq.
- Müalicə üçün təkcə fitoterapiya yetirmi?
- Müasir fitoterapiya ənənəvi tiblə yanaşı gedir. Məsələn, xəstə gəlir, ona ancaq bitki yox, onunla birgə dərman preparatları da yazıram. Mən tamamlayıcı tibbin tərəfindəyəm. Bildiyimiz ənənəvi tiblə fitoterapiya, hicama, zəli və s. - bütün təbabətlərin yaxşısını kompleks götürüb istifadə etmək lazımdır ki, xəstə tez və effektiv şəkildə sağalsın.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
Rəylər