Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Olimpiadada neçənci sıradadır?
Məlum olduğu kimi, Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Çində (Nancin şəhərində) keçirilmiş Olimpiadalardan fərqli olaraq, bu dəfə daha çox idman növləri üzrə mübarizələr gedir.
Belə ki, 206 ölkədən 3997 idmançı 32 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə 17 idmançı ilə doqquz idman növü ilə təmsil olunur. Bunlar gimnastika, boks, cüdo, ağırlıqqaldırma, stolüstü tennis, atletika, taekvondo, güləş və üzgüçülük idman növləridir.
Artıq Azərbaycan aktivinə beş medal (iki qızıl, bir gümüş, iki bürünc medal) yazdırıb. Medal qazanmış idmançılarımız bunlardır: cüdoçu Vüqar Talıbov, güləşçi Turan Bayramov (hər ikisi qızıl medal), ağırlıqqaldıran Tərmenxan Babayev (gümüş medal) və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova (hər ikisi bürünc medal).
Bədii gimnastımız Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsi (Mixed-NOCs) adından çıxış edərək komanda yarışlarında qızıl medal qazanıb.
Hazırda bu göstərici ilə Olimpiya millimiz 22-ci sıradadır. Qonşularımızdan Gürcüstan 33-cü, Türkiyə 34-cü və Ermənistan 45-ci yerdədir.
İlk sırada 43 medalla şimal qonşumuz Rusiya qərarlaşıb (24 qızıl, 11 gümüş və səkkiz bürünc medal). II və III sırada 12 qızıl medal qazanmış Macarıstan və Çindir. Yelizaveta Luzanın da qızıl medal qazandığı Beynəlxalq Olimpiya Komitəsi (Mixed-NOCs) 11 qızıl, 11 gümüş və 11 bürünc medalla şərti IV sıradadır.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər