İstirahət etməyi hər kəs sevir. Burada yeganə sual istirahət günlərini harada və necə keçirməklə bağlıdır.
Bəs azərbaycanlı turistlər ən çox harada istirahət etməyi sevir?
Oxu.Az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadla Azərbaycan vətəndaşlarının ötən il ən çox getdiyi ölkələrin “TOP-5”-liyini təqdim edir:
Beşinci yerdə ekspertlər üçün gözlənilməz olan Ukrayna qərarlaşıb (çoxları düşünürdü ki, bu ölkəyə turist axını daha çox olacaq) – 1071 nəfər.
Rusiya bizim reytinqdə dördüncü yerdə qərarlaşıb – 2017-ci ildə bu ölkəyə Azərbaycandan 5077 nəfər istirahət məqsədilə gedib. Yeri gəlmişkən, bu statistikanın 2014-cü ildə qeydə alınmış rəqəmlə müqayisə etsək, görərik ki, Rusiyada istirahət etmək istəyən azərbaycanlıların sayı kifayət qədər azalıb. Qeyd edək ki, 2014-cü ildə bu rəqəm 11 181 nəfər təşkil edib.
İlk üçlüyü Birləşmiş Ərəb Əmirlikləri açır. Ötən ilin nəticələrinə görə, bu ölkəyə 5332 azərbaycanlı turist gedib.
İkinci yeri qonşu İran tutub. 2017-ci ildə İrana gedən azərbaycanlı turistlərin sayı 5568 olub. 2014-cü ildə bu rəqəm 2513 idi.
Hətta statistikasız istənilən azərbaycanlı bilir ki, istirahət üçün ən əlverişli ölkə Türkiyədir. Ötən ilin göstəricilərinə görə, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 22 461 nəfər olub.
Qeyd edək ki, materialda yalnız turizm şirkətlərinin və agentliklərin xidmətlərindən istifadə edən Azərbaycan vətəndaşları nəzərə alınıb.
Ə.Ş.
www.oxu.az
Rəylər