Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan mülki aviasiya sahəsində “Leonardo” konserni ilə əməkdaşlığı genişləndirir - FOTO
AZAL-ın prezidenti Cahangir Əsgərov İtaliyanın “Leonardo” konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq və strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Burattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, “Leonardo” konserni 2006-cı ildən AZAL-la sıx əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin və s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin və hava gəmilərinin eniş sisteminin tədarükü də mövcuddur.
Görüş çərçivəsində mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri və bir sıra aktual məsələlər nəzərdən keçirilib. Belə ki, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın “Agusta” tipli helikopterlərlə genişləndirilməsi və onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə edib.
Cahangir Əsgərov və Marko Buratti birgə layihələr və təşəbbüslər vasitəsilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd ediblər. Onlar Azərbaycan mülki aviasiyasının müxtəlif istiqamətlərində tərəfdaşlığın inkişaf aspektləri barədə fikir mübadiləsi aparıb və uzunmüddətli tərəfdaşlığa hazır olduqlarını bildiriblər.
İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşıdır.
"AZAL" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib
Rəylər