Bu gün Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Səyyar kitabxana” günü keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir iştirakçılarına “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Qusarlı yazarlar”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan-turizm diyarıdır”, “Azərbaycanın Folklor Paytaxtı-Qusar 2016” və s. mövzularda kitab sərgiləri təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə təşkil olunmuş sərgidə 2000 nüsxədə kitab, jurnal, buklet, mütaliə və kitabı sevdirmə ilə bağlı müxtəlif təbliğat vasitələri nümayiş olunub.
Mərkəzdə xarici turistlərin çox olması nəzərə alınaraq kitablar üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunub. Qusar rayon Mədəniyyət və Turizm Şöbəsi və Qusar rayon Mərkəzi Kitabxanasının əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək ediblər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Mən oxudum, sən də oxu!” şüarı ilə və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində bu cür “Səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olmuşdur.
Səbinə Səmidxan