Turizm şirkəti açmaq üçün nə etmək lazımdır?
Oxu.Az xəbər verir ki, Fins.az bu suala cavab tapmaq, həm də yeni turizm şirkəti açmaq istəyənlərə kömək etmək üçün faydalı məlumatları təqdim edir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bunun üçün ilk növbədə ya fiziki, ya da hüquqi şəxs kimi qeydiyyatdan keçərək VÖEN açılmalı olduğunu bildirib.
Vergilər Nazirliyindən əldə etdiyimiz məlumata görə, VÖEN açılması üçün 11 manat rüsum ödəməlisiniz. İndi artıq turizm xidməti üçün lisenziyaya da gərək yoxdur.
M.Ağakərimov lisenziya üçün ödənişin ləğv edilməsini müsbət hal saysa da, lisenziyanın ləğvinin düzgün olmadığını qeyd edib: “Yəni, yeni şirkət yoxlanılmalı və yalnız bundan sonra fəaliyyətinə icazə verilməli idi. Türkiyədə turizm şirkəti açmaq üçün 30-dan çox sənəd tələb olunur”.
İkinci mərhələdə turizm şirkətini işə salmaq üçün nə etmək lazımdır?
Ekspert Kənan Hənifəyev turizm şirkətlərinin fəaliyyət dövrünü 3 mərhələyə bölüb: Başlanğıc, İnkişaf, Peşəkar dövr.
Başlanğıc dövr üçün nələr tələb olunur?
K.Hənifəyev deyir ki, ilk növbədə, hüquqi şəxs olaraq qeydiyyatdan keçmək lazımdır:
“Sonra fəaliyyət barədə və təyin edilmiş şirkət adı altında Mədəniyyət və Turzim Nazirliyinə məktubla məlumat verilməlidir. O, daha sonra şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq, onun ofislə və işçilərlə təmin olunmasını vacib sayır. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq, aviabilet satışı, gəlmə, getmə və daxili turizm üzrə menecerlərlə əmək müqaviləsi əsasında işçiləri cəlb etmək lazımdır”.
İşçilərin koordinasiyası
Ekspert məsləhət bilir ki, hər bir menecer öz iş istiqamətinə uyğun fəaliyyət planını, eyni zamanda şirkətin hədəf fəaliyyətinə uyğun mexanizmləri tərtib etməlidir:
“Aviabilet meneceri, əsasən, aviabilet sistemləri ilə müqavilə bağlayaraq şirkətin həmin sistemlərdən bilet kəsimi üçün giriş əldə etməlidir. Bundan başqa, xaricə getmə üzrə menecer xaricdəki turizm partnyorları ilə əməkdaşlıq etməli və xarici hotel sistemləri ilə əməkdaşlıq və şirkətiylə müqavilələrin bağlanması xaricdə baş tutan seminar və tədbirlərdə işitrak etməli, xarici partnyorların təkliflərini dəyərləndirib və uyğun əməkdaşlıq qurmalıdır.
Bundan əlavə, daxili turizm meneceri ölkə daxili hotel, restoran, nəqliyyat şirkətləri ilə əməkdaşlıq etməli, müqavilələr bağlamalı və əlində olan resurslara uyğun turpaketlər hazır edərək müştərilərə təqdim etməlidir. Həmçinin, xaricdən gələn turistlər üçün turlar hazırlanmalı, onlara visa xidmətindən tutmuş bələdçi xidmətinə kimi bütün xidmətlər təqdim olunmalıdır”.
U.A.
www.oxu.az