ATV telekanalında yayımlanan “Yoxlama” verilişi haqqında fikirlər birmənalı qarşılanmayıb. Bəzi sahibkarlar, obyekt sahibləri hesab edirlər ki, bu veriliş onların hüquqlarını pozur və iş prosesinə mane olur.
Oxu.Az xəbər verir ki, Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. Hüquqşünas Loğman Abdullayev hesab edir ki, jurnalistlərin şəxsi obyektlərə bu şəkildə daxil olmağa və çəkiliş aparmağa ixtiyarı yoxdur.

“Azərbaycan Respublikasının iki kommersiya əsaslı hüquqi şəxsi arasında belə qarşılıqlı “nəzarət və yoxlama” funksiyasının həyata keçirilməsi qanunla tənzimlənmir. Hər ikisinin məqsədi gəlir əldə etməkdir. Biri əhaliyə mədəni xidmət göstərərək qidalandırır, digəri informasiya emalını təqdim edir. Hər ikisi öz fəaliyyətində qanunlara riayət etməlidir.
KİV nümayəndələrinin sərbəst informasiya toplamaq hüququ başqalarının hüquqlarını tapdalamaqdan keçməməlidir. Restoranlarda mətbəxin qapısında yazı olur: “Kənar şəxslərin girişi qadağandır!”. Cangüdənlərin köməyi ilə oraya girmək heç bir halda sərbəst məlumat toplamaq hüququ ilə uzlaşmır.
Bunun üçün Səhiyyə Nazirliyinin Sanepidemstansiya - Sanitariya epidemioloji xidmət orqanları mövcuddur və bu işlər sırf onların vəzifəsinə və səlahiyyətlərinə aiddir. Bu səlahiyyətləri heç kim mənimsəyə və əvəz edə bilməz. Bunu həkim-gigiyenistlər, Azərbaycan Dövlət Tibb Universiteti hazırlayır və onların bu sahədə xüsusi bilikləri olur. Onlar respublikada ərazi - şəhər, qəsəbələr üzrə dislokasiya qaydasında fəaliyyət göstərir.
Mövzumuza aid olanı kommunal, əmək və qidalanma gigiyenası təşkil edir. Restoran və kafe insanlarımızın istirahət etdiyi və qidalandığı məkanlardır. Bu məkanlar xüsusi diqqət tələb edir. Bu cür diqqət məkanın menyu zənginliyi, peşəkar işçi heyəti, daxili interyeri ilə yanaşı, həm də təmizliyinə də aiddir.
Burada söhbət həm də hazırlanıb müştərilərə təqdim olunan qidanın mənşəyi, ekoloji cəhətdən təmizliyi, saxlama və hazırlanma şəraiti təşkilindən gedir. Kommunal və əmək gigiyenası baxımından isə bunlara aşağıdakılar aiddir:
- Quru və yaş təmizləmə;
- İaşə obyektində güzgü, şüşə və pəncərələrin silinməsi;
- Məişət avadanlıqlarının, aspiratorların, stol, stul və invertarların təmizlənməsi;
- Sanitar qovşaqların dezinfeksiyası və təmizlənməsi;
- Yer döşəmələrinin tozsoranla təmizlənməsi;
- Çıl-çıraqların tozunun alınması kimi gündəlik işlər təşkil edir.
Əgər hər hansı bir obyektdən konkret şikayətlər daxil olarsa, onlar orada yalnız yuxarıda adlarını qeyd etdiyim mütəxəssislərin apardığı yoxlama işlərini lentə alaraq tamaşaçılara təqdim edə bilər. Aparıcının əlini (əlcəkdə olsa belə) qazana salaraq qidanın yaxşı və pis olmasını yoxlamaq heç bir halda yolverilməzdir. Beləliklə, bu qanunsuz hərəkətlər nəticəsində müvafiq hakimiyyət orqanının səlahiyyətlərinin mənimsənilməsi ilə yanaşı, sahibkarın da hüquqları kobud şəkildə pozulur”.
A.S.
www.oxu.az