Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayında keçirilən görüşdən sonra birgə mətbuat konfransında çıxış edib.
Ərdoğan çıxışında müharibənin, xüsusilə ABŞ Prezidenti Donald Trampın səyləri ilə diplomatik yollarla başa çatdırılmasına yönəlmiş təşəbbüsü məmnuniyyətlə qarşıladıqlarını bildirib.
"Bu gün gəldiyimiz nöqtədə də deyirik ki, ədalətli sülhün məğlubu olmaz. Əlimizdən gələn hər cür dəstəyi göstərməyə hazır olduğumuzu bir daha vurğulayırıq", - deyə Türkiyə prezidenti qeyd edib.
O, müharibənin başlanğıcından bəri Qara dənizdə təhlükəsizlik və sabitliyin təmin olunması üçün fəal rol oynadıqlarını bildirib və bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb.
"Bütün tərəflərlə danışıqlarımızı davam etdirəcəyik. Ukraynada davamlı sülhün təmin olunması üçün razılığa gəlməliyik. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesi irəli aparmaq istəyirik", - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti çətin müharibə şəraitinə baxmayaraq, Ukraynanı tərk etməyən türk şirkətlərinin ölkənin yenidən qurulmasına mühüm töhfə verəcəyinə inandığını da vurğulayıb.