Fransanın paytaxtı Parisdə əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən aksiya zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə nümayişin sonunda, etirazçılar yürüşün son nöqtəsi olan paytaxtın şərqindəki Port-de-Şaranton ərazisinə yaxınlaşarkən baş verib.
Aksiyanın radikal əhval-ruhiyyəli iştirakçıları polis əməkdaşlarına daş və şüşə butulkalar atmağa başlayıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz tətbiq ediblər.
Qeyd edək ki, oktyabrın 29-da Fransanın Prezidenti Emmanuel Makrona 17 yaşı olsaydı, etiraz aksiyalarına qatılıb-qatılmayacağı barədə sual ünvanlanıb. Sual qarşısında çaşqınlıq yaşayan Makron bildirib ki, insanlar hakimiyyətin müəyyən məsələlərlə bağlı qərarlarından narazılıqlarını ifadə edə bilərlər, lakin bunun üçün mütləq etiraz aksiyalarına qatılmaları vacib deyil.