20 
Sen
2018
19:12
447
52
16762
Virtual karabakh

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ

20 Sen, 2018
19:12
16762

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İctimai” Televiziyada “Radius” hərbi-analitik proqramının ilk buraxılışı efirə gedib.

Oxu.Az-ın məlumatında görə, proqramda xüsusi reportaj hazırlanıb və bu, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hazırlıq mərkəzinə həsr edilib.

Hərbi idarəçilikdə qarşıya qoyulan məqsədlərə çatmaq xüsusi mürəkkəbliyi ilə fərqlənən döyüş şəraitini nəzərdə tutur. Buraya düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya və axtarış-xilasetmə əməliyyatları, eyni zamanda, antiterror xarakterli əməliyyatlar aid edilir.

Bu qəbildən olan xüsusi xarakterli döyüş öz mürəkkəbliyi ilə xüsusi bacarıq və təchizat tələb edir.

Qeyd olunan zərurət İkinci Dünya Müharibəsindən sonrakı iri və nisbətən daha kiçikmiqyaslı münaqişələrdə hərb sənəti təkamülünün ayrılmaz hissəsi kimi özünü qabarıq şəkildə büruzə verib.

1960-cı illərdən etibarən həm NATO ölkələrində, həm Sovet İttifaqında müxtəlif xüsusi təyinatlı dəstələrin, o cümlədən sualtı hücum və müdafiə dəstələrinin sürətli inkişafı və təkmilləşdirilməsi dövrü başlanır.

Sualtı hücum və müdafiə dəstələrinin hazırlıq proqramları müxtəlif ölkələrdə öz xüsusiliyi ilə seçilsə də, əsasən, oxşardır. Kursantın fiziki, zehni və mənəvi cəhətdən həyatda qalması, kəşfiyyat və döyüş bacarıqlarını maksimuma çatdıraraq, onu hər əmrə tabe olan mükəmməl bir “ölüm maşını”na çevirmək məqsədi güdür.

Məhz bu səbəbdən digər ölkələrdəki kimi, Azərbaycanda da zabit və gizirlərdən təşkil olunan sualtı hücum və müdafiə dəstələri Silahlı Qüvvələrin “elitasının elitası” sayılır. 

Gələcək kursantlar yalnız müddətdən artıq hərbi xidmət keçmiş gənclər arasında seçilir. Təlim prosesi təxminən əlli həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlayır. Bu hazırlıqların təməlində isə “cəhənnəm həftəsi” adlanan və həddindən artıq çətin bir sınaq durur.

“Cəhənnəm həftəsi” fiziki hazırlıq cəhətdən xüsusi çətinliyi ilə fərqlənir, gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Məhz bu səbəbdən ilkin hazırlıq prosesində gələcək kursantların sayı əlli nəfərə yaxın olsa da, “cəhənnəm həftəsi”ndən sonra əsas təlim kursuna yalnız yeddi-səkkiz nəfər qalır. 

Təlim prosesində tətbiq olunan fiziki hazırlıq proqramı qısa müddət ərzində kursantların fiziki güc və dözümlülük imkanlarının maksimal həddə çatdırılmasını təmin edir.

Məşğələlərin strukturu elə qurulub ki, gələcəyin xüsusi təyinatlısı qələbənin kollektivin gücü olduğunu adi şüur səviyyəsində qavrayır.

Fiziki hazırlıqdan başqa, kursantların stressə dözümlülüyünə xüsusi diqqət yetirilir. Stressə dözümlülük gündəlik həyatda yuxu, yemək, istirahət, ünsiyyət, müstəqillikdən məhrumiyyət vasitəsilə inkişaf etdirilir.

Sualtı hücum və müdafiə dəstəsinin gələcək döyüşçüləri suda ekstremal şəraitdə həyatda qalmaq və döyüş aparmaq bacarıqlarını mənimsəyirlər.

Qeyd olunduğu kimi, sualtı hücum və müdafiə dəstələri düşmənin ön və arxa cəbhəsində ildırımsürətli kəşfiyyat-diversiya, axtarış-xilasetmə əməliyyatları və antiterror xarakterli əməliyyatlarda ixtisaslaşırlar. Belə əməliyyatlar yalnız suda deyil, quruda, dağlarda, meşələrdə, səhrada, şəhər və qəsəbə şəraitində də aparıla bilər.

Sualtı hücum və müdafiə dəstələrinin döyüşçülərindən hava desantı kimi də istifadə olunmasının mümkünlüyünü təmin etmək məqsədilə təlim prosesində paraşütlə tullanma bacarıqlarına xüsusi diqqət yetirilir.

Həmin süjeti sizə təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri