Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bələdiyyə seçkisi - Türkiyə demokratiyasının daha bir nümunəsi - ŞƏRH + FOTO
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkisi bir çox proqnozları alt-üst edib.
Məlumata görə, bu siyasi kampaniyada 34 siyasi partiya iştirak edib. 206 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. 61 milyon 441 mindən çox seçici qeydə alınıb. Seçki 30 böyük şəhər, 51 əyalət, 973 rayon və 390 şəhər bələdiyyəsi sədrini, 50 min 336 muxtarı müəyyən edib.
Bu kampaniyada Cümhuriyyət Xalq Partiyası (CHP) uğur əldə edərək 37,74 faiz səs qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası isə 35,49 faiz səs toplayıb.
Yenidən Rifah Partiyası (YRP) 6,19 faiz, DEM Partiya 5,68 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 4,98 faiz, İyi Partiya 3,77 faiz səslə sonrakı yerləri tutublar.
Son 20 ildə hakim partiya ilk dəfə idi belə bir məğlubiyyətə uğrayıb. 2004-cü il martın 29-da keçirilən seçkidə 20 siyasi partiya iştirak edib. Həmin kampaniyada səslər belə paylanmışdı: Ədalət və İnkişaf Partiyası 41,67 faiz, CHP 18,23 faiz, MHP 10,45 faiz, Doğru Yol Partiyası 9,97 faiz və s.
20 il ərzində hakimiyyətdə olan bir partiya ümumi səslərin təxminən 6 faizini itirib. Onun müttəfiqi MHP də 6 faiz az qazanmaqla 20 il əvvəl əldə etdiyi səsləri toplaya bilməyib. Hakim partiyaya yaxınlığı ilə seçilən YRP isə ötən hesabat dövrü ilə müqayisədə 6,19 faiz səslə siyasi meydanda öz sözünü deyib. Hakim partiyanın seçicilərinin səslərini ona verdiyi də ehtimal olunur.
Əslində, Ədalət və İnkişaf Partiyasının Türkiyədə nüfuzunun azaldığını 2023-cü il mayın 14-də keçirilmiş prezident seçkisinin gedişindən də müşahidə etmək olar. Bu siyasi kampaniyanın birinci turunda əsas mübarizə hakim partiyanın namizədi Rəcəb Tayyib Ərdoğanla ana müxalifətin lideri, CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlu arasında getmişdi. Onda indiki Prezident 49,52 faiz, Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplamışdı. Müqayisə üçün qeyd edək ki, 2018-ci il iyunun 24-də keçirilən prezident seçkisində 52,59 faiz səs qazanan R.T.Ərdoğan 30,64 faiz səs toplamış CHP-nin namizədi Muharram İncəyə qalib gəlmişdi.
Ötən il keçirilən məlum siyasi kampaniyada dövlət başçısı ikinci turda müəyyənləşdi. Bu mərhələdə indiki prezident 56,34 faiz, Kemal Kılıçdaroğlu isə 47,82 faiz səs toplamışdı.
Yeri gəlmişkən, 2002-ci il dekabrın 3-də keçirilən parlament seçkisində də ilk dəfə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Ədalət və İnkişaf Partiyası qalib gəlmişdi. Həmin seçkidə bu partiya 34,28, CHP isə 19,39 faiz səs toplamışdı. Bu, həm də Ədalət və İnkişaf Partiyasına Türkiyə tarixində uzun fasilədən sonra təkbaşına hökuməti qurmağa imkan vermişdi.
2023-cü il mayın 14-də keçirilən parlament seçkisində hakim siyasi qüvvə 35,62, əsas müxalifət isə 30 faiz səs toplamaqla mübarizənin davam etdiyini göstərmişdi.
İqtidar və müxalifət partiyaları arasında mübarizə 2019-cu ilin iyununda keçirilən İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkisində özünü daha açıq göstərdi. Bu kampaniyada da ikinci turun olması bunu təsdiqləyirdi. Həmin seçkidə CHP-nin namizədi Əkrəm İmamoğlunun rəqibi Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Binəli Yıldırım idi. Müxalifət təmsilçisi qalib gələrək böyük siyasi səhnəyə yeni fiqur kimi qələbə ilə başladı.
Bu faktlar Türkiyənin klassik siyasi təşkilatının iqtidara ciddi rəqib kimi siyasi meydanda olduğuna dair xəbərdarlıq idi. Ötən illər ərzində hakim partiyadan qopanların müxalifət olması, regional və qlobal hadisələrdə rəsmi Ankaranın mövqeyi, antiterror əməliyyatları, qaçqınların qəbul edilməsi, sosial problemlər, ötənilki zəlzələ və s. məsələlər bələdiyyə seçkisinin nəticələrinə təsirsiz ötüşməyib.
R.T.Ərdoğanın 4-5 ilə hazırlaşmaq ismarışı hakim siyasi elitanın məğlubiyyət səbəblərinin araşdırılacağından xəbər verir. Başqa sözlə, hakim partiyanın 2028-ci il prezident və parlament, 2029-cu il bələdiyyə seçkisinə yeni taktika ilə gedəcəyini ehtimal etməyə əsas verir.
Bələdiyyə seçkisi Türkiyədə bu institutun önəmini bir daha artırıb. Bu kampaniya ölkənin siyasi həyatının gələcəyi üçün müəyyən siqnal verir. Türkiyə daxilində və xaricdə bir çoxları ölkədə demokratiyanın təhlükədə olduğunu zənn edirdi, hətta müxtəlif hadisələri uzlaşdırmaqla bunu arqumentləşdirməyə səy göstərirdilər. Ancaq seçki bu məsələyə də aydınlıq gətirdi. Türkiyə siyasi elitası, cəmiyyəti demokratiyaya sadiq qaldığını nümayiş etdirdi.
Bələdiyyə seçkisi həm də Cümhuriyyətin demokratik uğurudur. Türkiyə bununla ən doğru yolun demokratiya olduğunu da isbatladı.
“Report” İnformasiya Agentliyi
Rəylər