Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya-Ukrayna müharibəsi düyünlənir: Rəsmi Kiyev siyasi çözümdən imtina edir - ŞƏRH + FOTO
Ukraynadakı müharibə artıq üçüncü ildir, davam edir. Uzun müddətdir, nə Rusiya, nə də Ukrayna döyüş meydanında ciddi uğur əldə edə bilir. Rusiya müntəzəm olaraq ağır hücumlar həyata keçirsə də, uğurla nəticələnmir. Ukrayna isə zaman-zaman Rusiya ərazisində, həmçinin Krım yarımadasında xüsusi əməliyyat keçirir. Amma bu əməliyyatlar da müharibənin başa çatması üçün kifayət deyil.
Şərqi Avropadakı döyüşlər artıq Rusiya ilə Qərb arasında rəqabətə çevrilib. ABŞ və müttəfiqləri Ukraynadakı proseslərdə bilavasitə olsa da, iştirak edirlər.
Ümumiyyətlə, güman etmək olar ki, Şərqi Avropadakı müharibənin arxasında ABŞ və Avropa İttifaqı (Aİ) dayanırlar. Vaxtilə NATO-nun şərqə doğru genişlənmə cəhdinə cavab olaraq Rusiya Ukraynaya hücum etdi. Beləliklə, Qərbin təhrikləri ilə əvvəlcə Ukrayna bataqlığa çevrildi, sonra da Rusiya bu bataqlığa çəkildi. Qərbin əsas məqsədi Şərqi Avropadakı mövqelərinin möhkəmləndirilməsi və Rusiyanın regiondakı təsir imkanlarının azaldılması idi. Həmçinin, perspektivdə Çinin imkanlarının zəiflədilməsi də Qərbin uğrunda çalışdığı məqsədlərdəndir.
Amma zaman keçdikcə görürük ki, artıq kollektiv Qərbin öz daxilində də Ukraynadakı vəziyyətlə bağlı ziddiyyət yaranır. Rəsmi Vaşinqton Kiyevə yardımı dayandırıb. Aİ ölkələrinin bəziləri, xüsusilə Fransa, Ukraynaya qoşun göndərmək barədə danışırlar. Digərləri isə bu ehtimalı tamamilə istisna edirlər.
Beləliklə, regional müharibə artıq qlobal “kor düyünə” çevrilib.
Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.
ABŞ Dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski isə Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib.
Verilən açıqlamalardan və prosesin gedişindən belə qənaətə gəlmək olar ki, döyüşlərin yaxın gələcəkdə başa çatacağı ağlabatan görünmür.
Ukrayna Prezidenti Ofisinin müşaviri Mixaylo Podolyakın aprelin 1-də “X” hesabında yazdığı da bu fikri təsdiqləyir. Belə ki, M.Podolyak bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var.
O qeyd edib ki, hazırda mövqe müharibəsi gedir: “Amma döyüşlərin “donması”na dair əlamət yoxdur. Rusiya öz vəzifələrini yerinə yetirə bilməyib. Ona görə də eskalasiyanı davam etdirir. Rusiya bütün resurslarını müharibəyə sərf edir. Belə olanda müharibənin yalnız hərbi həlli var”.
M.Podolyak Ukraynanın tərəfdaşlarını illüziyalara qapılmamağa çağırıb: “Oturub gözləmək mümkün deyil. Hərbi istehsalı və Ukraynaya silah tədarükünü artırmaq lazımdır”.
Kiyevlə Qərb arasında fikir ayrılıqları artmaqdadır. M.Podolyakın fikirlərində də bu ziddiyyətin elementləri aydın formada görünür. Belə çıxır ki, Qərb Ukrayna vasitəsilə istədiyinə nail ola bilmədiyini anlayıb.
Yəqin ki, ən azı ABŞ-dəkı prezident seçkisinə qədər proses belə də davam edəcək. Seçkidə Respublikaçılar qalib gələrlərsə, bu zaman Ukraynaya dəstək bərpa olunmaya bilər. Respublikaçıların əsas namizədi, keçmiş prezident Donald Tramp bir neçə dəfə bildirib ki, o, müharibəni bir sutkaya bitirə bilər. Çox güman, bu, Ukraynaya dəstəyin bərpa olunmaması, Rusiyanın hərəkətlərinə göz yumulması ilə nəticələnəcək. Hər halda nəzərə almaq lazımdır ki, Trampın hakimiyyəti dövründə Rusiya ilə münasibətlər daha yaxşı idi, nəinki indi. Demokratların hakimiyyətdə qalacağı təqdirdə isə Ukraynaya dəstəyin bərpa olunması istisna deyil. Bütün hallarda Ağ Ev prosesin gedişində mühüm rol oynayır.
Ukrayna da, Rusiya da getdikcə yorulurlar. Sadəcə olaraq, Qərb dövlətləri müharibənin davam etməsinə bir növ şərait yaradırlar. Ayrı-ayrı Avropa dövlətləri Ukraynanı silahlandırmaqla onu müharibəni uzatmağa sövq edirlər. Rusiya isə adekvat cavab verir. Amma onu da demək lazımdır ki, Qərbin Ukraynaya dəstəyi qalib gəlməyə yox, sadəcə, mübarizə aparmağa, belə demək mümkünsə, sağ qalmağa hesablanıb. Əks halda Ukrayna rəsmiləri silah çatışmazlığı ilə bağlı tez-tez Qərbi tənqid etməzdi.
Dediyimiz kimi, Ukraynadakı müharibə yaxın vaxtda başa çatana oxşamır. Həmçinin, həm Kiyevin, həm də Moskvanın radikal mövqeyi onu deməyə əsas verir ki, məhz M.Podolyakın dediyi kimidir: müharibənin siyasi həlli yoxdur. Heç Qərb də buna imkan verməz. Çünki siyasi həll tərəflərin danışıqlar masası arxasına oturması, konsensus əldə etməsi deməkdir. Bu isə ABŞ və Aİ-nin planlarına ziddir. Onlar iki qardaş xalq arasında nifaq toxumu səpməklə Şərqi Avropada təsir güclərinin artırılmasında israrlı görünürlər.
Müharibənin nəticəsi olaraq Ukraynanın parçalanması istisna deyil. Ola bilsin, müəyyən mərhələdən sonra Rusiyanın tuta bildiyi ərazilər onda qalacaq, rəsmi Kiyev isə qalan əraziləri ilə Aİ-yə üzv olacaq. Hər halda, tarixdə belə nümunələr var.
Ukraynanın işğal altındakı bütün əraziləri, o cümlədən Krımı işğaldan azad etməsi üçün uzun müddət lazımdır. Ukrayna və Rusiyadakı mümkün hakimiyyət dəyişikliyi nəticəsində isə vəziyyət qismən dəyişə bilər.
Türkiyənin proseslərə təsir imkanlarına gəlincə, bu, müharibənin ilk vaxtlarına nisbətən indi azdır. Rəsmi Ankara müharibəni bitirmək üçün artıq təkcə Kiyev və Moskva ilə yox, həm də Vaşinqton və Brüssellə dialoq aparmalıdır.
Müharibənin necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər olsa da, görünən odur ki, Qərb bu prosesdə getdikcə daha da fəallaşacaq. Bu isə birbaşa NATO-Rusiya toqquşması riskini artıracaq.
“Report” İnformasiya Agentliyi
Rəylər