“Hər quşa öz yuvası, hər kəsə öz Vətəni” deyiblər. Mən gözümü dünyaya Ələngəz dağının ətəklərində açmışam. O yerlərin təbiəti, havası, suyu bir başqa idi. Baldırğan, Turşsu, Selinti bulağının buz kimi soyuq suyu barmaq dondurardı. Kəndin cavanları barmaqlarını suyun içində daha çox saxlamaq uğrunda yarışardılar. Saqqarsu, Buxakar yaylaqları gözümün qabağından getmir. Yazın lap əvvəlindən mal-qaranı, qoyun-quzunu götürüb həmin yaylaqlara köçərdik, payızda havaların üzü dönəndə geri qayıdardıq”.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində 104 yaşlı Rəxşəndə Əsgərova Qərbi Azərbaycanın Mehri rayonunda keçən gənclik illərindən danışarkən deyib.
“Hə, ay bala, indi hər şeyin dadı dəyişib. Biz günəbaxan yağının, marqarinin nə olduğunu bilməzdik. Həmişə qırmızı buğda zəmisinin çörəyini yemişik. Təndirə çörək yapılanda iyi bütün ətrafa yayılardı. Qapımızda həmişə sürü ilə mal-heyvan olardı. Atamın qoyun sürüsünün başı ilə ayağı bilinməzdi. Özü də evin tək qızı olmuşam”, - o söyləyib.
Aldərə kəndində Aslan bəyin var-dövlət sarıdan korluğu olmasa da, Tanrı ona yeganə övlad verib. Rəxşəndə Əsgərova Aslan bəyin tək övladı olub. Rəxşəndə tək olsa da, ərköyün olmayıb. Yaşıdlarına qoşulub bulağa su gətirməyə, meyvə yığmağa gedib. O, dünyaya gələndə artıq sovet hökuməti qurulmuşdu. Nə bəy qalmışdı, nə də onun var-dövləti.
Kənddəki məktəbdə təhsil alıb. Tale elə gətirib ki, öz sinif yoldaşı Mahmud Talıbovla ailə həyatı qurub. Mahmud qonşu Asazır kəndinin yaxınlığındakı Tuğut kəndindən idi. İkinci Dünya müharibəsi başlayanda onu da cəbhəyə aparıblar. Döyüş yolu Şimali Qafqazdan başlayıb. Qroznı, Armavir uğrunda döyüşlərdə iştirak edib, çox ağır qəlpə yaraları alıb. Müharibədən qayıdandan sonra Mahmud bəylik dövrü çoxdan getsə də, hələ də hamının Aslan bəyin qızı kimi tanıdığı Rəxşəndə ilə evlənib. 1947-ci ildə ilk övladı Əşrəf dünyaya gəlib, sonra qızları Həqiqət, Gülçöhrə, Sona və oğlu Əhməd. Əl-ələ verib beş övlad böyüdüblər.
Mahmud arıçı olub, yazda çiçəklər açmağa başlayanda arı yeşiklərini dağın, yaylağın ən güllü-çiçəkli yerinə qaldırarmış. Onlar otuz beş ildən atıq bir yerdə ömür sürüblər. 1981-ci ildə bu dünyadan gedəndə övladlarını Rəxşəndə xanıma tapşırıb. Rəxşəndə də bir ana kimi hamısının yükünü çəkib, qayğısına qalıb. Ötən əsrin 80-ci illərinin axırlarında soydaşlarımız Qərbi Azərbaycandakı öz ata-baba yurdlarını tərk etmək məcburiyyəti ilə üz-üzə qalanda onların da ailəsi Bakıya pənah gətirib.
Əsrin dizini qatlayan Rəxşəndə xanım indi Bakının Binəqədi rayonunun sakinidir. Həyat ona 104 il ömür sürmək qismət eləsə də, xeyli də amansız sınaqlara çəkib. İki qızı xərçəng xəstəliyindən dünyasını dəyişib. 2016-cı ildə ixtisasca müəllim olan böyük qızı Həqiqət, 2020-ci ildə Gülçöhrə vəfat edib. Bundan iki il sonra uzun illər Culfa rayonunda həkim işləyən oğlu Əşrəf də həmin xəstəlik nəticəsində dünyadan köçüb. İndi kiçik qızı Sonanın ailəsi ilə bir yerdə yaşayır. Sona tibb bacısı olub, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında işləyib. Rəxşəndə nənə qızının həyat yoldaşı Təvəkküldən çox razılıq edir, ona bir övlad kimi doğma olduğunu deyir. Vaxtilə Müdafiə Nazirliyinin baş giziri olan Təvəkkül təqaüddə olsa da, qayğısını ondan əsirgəmir.
“2024-cü ildə anam rəhmətə gedəndən sonra həyat yoldaşıma Rəxşəndə xalanı evimizə gətirməyi təklif elədim. İstədim ki, evimizdən ağbirçək nəfəsi gəlsin, - deyə Təvəkkül söhbət açır. - İki qızımız, bir oğlumuz var, onları da yerbəyer etmişik. Mənim təklifim Sonanın da ürəyincə oldu. İndi on ilə yaxındır ki, bir yerdə yaşayırıq. Anamı itirəndən sonra onu özümə ikinci ana bilirəm”.
Ömrünün 104-cü ilini yaşayan Rəxşəndə Əsgərova indi 12 nəvə, çoxlu nəticə sahibidir. Əhmədin oğluna babası Mahmudun adını verib. İndi Mahmud da evlənib, bir övladı da dünyaya gəlib.
“Nənə üçün ən böyük arzu nəvə toyunda, nəticə toyunda qol götürüb oynamaqdır, şükür ki, o da mənə qismət olub”, - deyir.
Rəxşəndə nənə uzun ömür sürmək üçün xüsusi bir resepti olmadığını deyir:
“Mən uzun illər günəbaxan yağı nə olduğunu bilməmişəm. Təmiz inək yağı ilə qazan asmışıq, həmişə təzə südümüz, qatığımız olub, motal pendiri evimizdən əskik olmayıb. Tutdan bəkməz hazırlayar, riçal, doşab bişirərdik. Yoldaşım arıçı olduğundan təmiz baldan istifadə etmişik. Kəndimizin havası, suyu da can dərmanı idi. Çiçəklər açmağa başlayan kimi yaylağa üz tutar, bir də yerə qırov düşəndə qayıdardıq”.
Qızı Sona deyir ki, anası heç vaxt nəsə sifariş verməz, onun üçün ayrıca qazan asılmaz: “Biz nə yesək, o da ondan yeyər. Amma hər səhər idman hərəkətləri edir. Yuxu rejiminə də çox ciddi şəkildə əməl edir. Yaddaşı yerindədir, görmə qabiliyyəti yaxşıdır, qulağı yaxşı eşidir”.
Uzun illərdir ki, Rəxşəndə nənə oruc tutur, namaz qılır.
“Həmişə əllərimi göyə açıb dua eləmişəm ki, ay Allah, sən bizim xalqımıza kömək ol. Yurdumuz, torpaqlarımız yağı əlində qalmasın. Bizi öz doğma el-obamızdan ayrı salanların cəzasını ver. Şükür ki, indi hər şey yerbəyer olub, torpağımız gavurların əlində qalmadı, ən böyük təsəllim budur”, - deyir.
O, fevralın 7-nə təyin edilən növbədənkənar prezidenti seçkisi günü 9 saylı Binəqədi ikinci seçki dairəsində səs verəcək. Ömrünün ixtiyar çağlarını yaşayan nənə indiyə qədər iştirak etdiyi seçkilərin sayını itirib. Amma ayaqları ağrıdığına görə birbaşa məntəqədə yox, evə gətirilən seçki qutusu vasitəsilə səs verəcək.
“Kimə səs verəcəksən, Rəxşəndə nənə?” - deyə ondan soruşuruq.
“Mən həmişə sülhə, əmin-amanlığa, haqqa, ədalətə səs vermişəm. Bu seçkilərdə də həmçinin. Qoy həmişə xalqımız aydın və təmiz səma altında yaşasın, müharibə, qan-qada, ölüm-itim bizdən uzaq olsun”, - deyir.
Rəylər