"Şəhid" kəlməsi xalqımız üçün sadəcə hüzn deyil, eyni zamanda qürur, əbədiyyət və ucalıq simvoludur. Torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizdən biri də Hikmət Səfərovdur.
Oxu.Az "Modern.az" saytının "Şəhidin son fotosu" rubrikasında budəfəki həmsöhbəti şəhid Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərovadır.
O qeyd edib ki, H.Səfərovla son şəkli parkda çəkilib:
"Mən tibb işçisi olduğum üçün bir-birimizi az görürdük. Elə bil mənimlə sonuncu dəfə şəkil çəkdirdiyini hiss edirdi, üzümə məyus baxışlarla baxırdı. Ondan soruşanda ki, nə olub, niyə elə baxırsan, elə bil öləcəyəm?! Cavab verdi ki, "Allah eləməsin, sənə gələn mənə gəlsin". Elə həmin məqamda şəkil çəkdirdik".
Gülnarə xanım bildirir ki, hər dəfə həmin parka gedəndə və oturduqları skamyanı görəndə həmin hissləri yenidən yaşayır:
"Elə bilirəm, Hikmət yanımdadır, şəhid olmayıb. Hər zaman onu yanımda hiss edirəm. Elə mənə güc verən də Hikməti yanımda hiss etməyimdir".

Şəhid xanımı həyat yoldaşı ilə son görüşündən də danışıb:
"Evliliyimizin ildönümü idi - 14 oktyabr... Hikmət Yevlax xəstəxanasında yaralı idi. Getmişdik yanına, uşaq kimi sevinirdi. Çünki bizi görmüşdü və mənim evlilik ildönümümüzü unutmadığımı anlamışdı. Hikmət yaralı olsa da, son ana qədər bizə olan sevgisini nümayiş etdirdi. Ayın 17-si mənə zəng vurdu, "əməliyyata girirəm, dua elə, özünüzə yaxşı baxın" dedi. Mən də ona dedim ki, sənə gələn ölüm mənə gəlsin. O, cavabında "elə demə, mən uşaqlara cavab verə bilmərəm, həm də mən sənin kimi güclü deyiləm" söylədi. Mənə bu gün güc verən elə Hikmətin həmin sözləridir.
Hikmət 52 gün komada qaldı. Şəhid olmasından 19 gün öncə bizə görüş vermişdilər. Hikmət məni anlamırdı, görmürdü, amma mən son dəfə onu gördüm. Sonra evə gəldim və balalarımızı olacaqlara hazırladım. Anlatdım ki, biz artıq qəhrəman ailəsiyik. Onlara dedim ki, sizin atanız şəhid olacaq, biz qəhrəman ailəsiyik, ana qurban, atanızı layiqincə yola salmalıyıq".
Gülnarə xanımın sözlərinə görə, Hikmət Səfərov həmişə övladlarını analarına əmanət etmək əvəzinə, onu uşaqlarına əmanət edərmiş.
Müsahibimiz vurğulayır ki, Hikmət Vətəni çox sevirdi:
"O qədər sevirdi ki, xəstəxanada yaralı olduğu vaxtda belə "Vətən sağ olsun, mən olmasam da olar" deyirdi"...
Baş leytenant Hikmət İldırım oğlu Səfərov 11 iyul 1972-ci ildə Ağdamın Yusifcanlı kəndində doğulub. 1989-cu ildə orta məktəbi bitirib, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. 1995-ci ildə informasiya-ölçmə texnikası ixtisasına yiyələnib. Daha sonra leytenant rütbəsi alıb.
Hikmət Səfərov 2001-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. 2002-ci ilin oktyabrında leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə başlayıb və 2004-cü ilin yayında baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
2004-cü ilin noyabrında "Qaya" Mətbuat Yayımında çalışmağa başlayan Hikmət Səfərov 2016-cı ildə həmin işdən ayrılıb. 2018-ci ilin yanvarından "Dokta" MMC şirkətində kassir kimi fəaliyyət göstərməyə başlayıb. 2020-ci il sentyabrın 20-də ehtiyatda olan baş leytenant kimi hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq, 2020-ci il oktyabr 17-də komaya düşüb və 2020-ci il dekabrın 8-də (48 yaşında) şəhid olub.
Baş leytenant Hikmət Səfərov 9 dekabr 2020-ci il tarixində yüksək rütbəli hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda vətəndaşın iştirakı ilə II Fəxri xiyabanda dəfn olunub.
İki oğul övladı, Azər və Anar yadigar qalıb.
Azərbaycan Prezidentinin sərəncamları ilə baş leytenant Hikmət İldırım oğlu Səfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
