Kubra Məhərrəmova yazır...
Hərdən düşünürəm ki, yaxşı ki ölkəmizə son zamanlar normadan artıq yağış yağır. Qaxılıb oturmuşuq evimizin altında. Çölə-bayıra çıxan kimi yenə hər yanı öz tullantılarımızla çirkləndiririk.
Sözümün canı var. Deməli, gün bir az buludun başından boylanan kimi, çimərliklərə axışan həmyerlilərimiz ictimai çimərlikləri zibil poliqonuna döndəriblər.
Yediyini-içdiyini sahilə atmayana elə bil böyük yerdən söyüş qoyublar. Atmasa, məhəlləyə xəcalətindən girə bilməyəcək. O qarğadalı və qarpızın artığını yerə atmasa, gecə gözünə yuxu getməz.
Amma sahili-dənizi ancaq kişilər zibilləmirlər, uşağının bezini dənizə-sahilə atan analara da "xüsusi salamlarımız" var.
Amma dənizə elə geyim-keçimdə, üstlərində qızıl-brilyant, bahalı avtomobillərdə gəlirlər ki, deyirsən ərəb əmirinin oğlu-qızı gəlib.
Yeri gəlmişkən, Dubayda çimərlikdə və ya digər ictimai yerlərində siqaret kötükləri, yemək qalıqları və zibil atmağa görə cərimə 1 000 dirhəmdir (təxminən 270 ABŞ dolları). Hüquq-mühafizə orqanları və bələdiyyə xidmətləri təmizliyə çox ciddi nəzarət etdiyindən, hətta kiçik tullantılar belə cərimə ilə nəticələnə bilər.
Əlavə olaraq icazə verilməyən yerlərdə kabab bişirmək 500 dirhəm, qum üzərində tonqal qalamaq 2 000 dirhəm, ictimai yerlərdə tüpürmək 1 000 dirhəm cərimə ilə nəticələnir.
İndi desək ki, sahilə-dənizə zibil tökən öz vətəndaşlarımıza cərimə tətbiq edək, olarıq "xalq düşməni", "ev yıxan", "xalqın qanını içən".
Bəs, yaxşı necə edək ki, Azərbaycanda yaşayan çoxunun ağız büzdüyü, bəyənmədiyi ərəb qədər ölkəmizi təmiz saxlayaq?
Hansı vasitə və metodları istifadə edək?
Məsələn mən uşaq olanda, nəsə son zamanlar rastıma çıxmır, divarlarda yazardılar ki, "bura zibil atanın..." nöqtələrin yerində xalq folklorunun ən maraqlı nümunələrinə rast gəlmək olardı. Qarğış, nalə, söyüş.
Deyirəm, bəlkə o vaxt heç olmasa divarda yazılanı oxuyan var idi, indi o da oxunmur deyə, yazmırlar? Effektiv deyil?
Yaxşı, gəlin bir yerdə çarə axtaraq. Deyirəm bəlkə, Hindistandan əliçomaqlı polislər çağıraq vətənimizə? Kim yerə zibil atdı, bunlar da çomaqla vursunlar. Yəni ki, cini başqasının əli ilə tutaq.
Yox, bu da xoşunuza gəlmədi?
Onda dənizə-sahilə heç kimi buraxmayaq? Zəncirləyək. Nə girən olsun, nə də çıxan.
Deyəsən, bunu da bəyənmədiniz.
Bəs nə edək? Necə yekə-yekə adamlara başa salaq ki, yerə-göyə, dənizə-sahilə, həyətə-küçəyə zibil atmaq olmaz?!
Belə görürəm biz hər mənada təkamüldən geri almışıq. Düşüncə, davranış, savad, dünyagörüşü bizim cəmiyyətdən yan keçib.
Ona görə də sərt tədbirlərlə məsələnin həlli yolunu təklif edirəm.
Kamera və patrul müşahidəsi. Siqaret kötüyü, yemək qalığı, uşaq bezi atanlara yerində cərimə.
Ağlayıb-sızlayıb, pulum yoxdur, atamın "pensiya kartı ilə" gəzirəm deyənlərə dərhal inzibati cərimə, yaxud da 30 gün ərzində dəniz sahilini təmizləmək cəzası verilsin.
Bəlkə onda nəsə dəyişər...
Hər il gənc könüllülər dəniz sahilini təmizləyir, maşın-maşın zibili ərazidən çıxarırlar.
Əraziyə müvafiq qurumlar zibil yeşikləri yerləşdirirlər.
Amma heç bir faydası yoxdur. Səhər təmizlənmiş əraziyə gedirsən, axşam görürsən ki, yenə də at izi, it izinə qarışıb.
Şəxsən mənə ən çox təsir edən odur ki, bu gün iyunun 12-si, 2026-cı ildir. Təqvimə baxanda adamın ağlına gələn ilk fikir o olur ki, müharibədən artıq altı il keçib. XXI əsrin dörddə birini geridə qoymuşuq, amma davamız zibil və şort davasıdır. Yəni Qarabağ problemini həll edə bilən, bir yumruq kimi birləşən cəmiyyət, təmizlik problemini heç cürə həll edə bilmir.
Yaxşı ki, sərhədlər bağlıdır. Yoxsa deyərlər ki, gələn turistlər edir hamısını.
Əlimi hər yerdən üzüb, Allaha pənah aparıram: "Ya Rəbb, nə olar, bizi adam elə".